ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla Ağ Evdə sabah baş tutacaq görüşü beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Uzun müddətdir davam edən regional gərginlik fonunda təşkil olunan görüş Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
1xeber.media xəbər verir ki,Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Vaşinqtonda baş tutacaq görüşün tarixi əhəmiyyət daşıdığını bildirib.
O qeyd edib ki, Baydenin prezidentliyi dövründə ABŞ erməni lobbisinin təsiri altında regionumuza ədalətsiz yanaşma sərgiləyərək ermənipərəst siyasət yürüdüb:
“Belə ki, ABŞ Prezident Administarsiyasının qurduğu senarisinə uyğun olaraq Milli Konqresdə və Senatda Azərbaycana qarşı qərəzli qətnamələr qəbul olunurdu. Hətta keçmiş dövlət katibi Antoni Blinkenin iştirakı ilə Ermənistanla ikitərfli və üçtərəfli səndələr imzalayaraq hərbi yardımların göstərilməsi üzərində işləyirdilər. Donald Tramp prezident seçiləndən sonra Cənubi Qafqaza ədalət przimasından yanaşılmağa başlandı və erməni lobbisinin təsiri ilə Azərbaycana qarşı qərarlar qəbul etdirmək dövrü arxivə göndərildi”.
Deputat əlavə edib ki, Trampın prezident seçilməsi Azərbaycan-ABŞ münasibətlərində yeni bir səhifənin başlanğıcı oldu:
“Son vaxtlar dövlət başçılarımızın qarşılıqlı təbriklərinin, telefon danışıqlarının və məktub mübadilələrinin intensivləşdiyini müşahidə edirik. Bu intensivlik ölkələrarası münasibətlərin inkişaf dinamikasının göstəricisidir”.
A.Badamov qeyd edib ki, Donald Trampla Prezident İlham Əliyev arasında keçiriləcək görüşdə ikitərəfli və regional əhəmiyyətli mühüm məsələlərin müzakirə olunacaq.
“Azərbaycan-ABŞ ikitərəfli münasibətləri strateji tərəfdaşlıq xarakteri alır və iqtisadi əlaqələrdə artım dinamikası çox yüksəkdir. Azərbaycanın təşəbbüslə çıxış etdiyi enerji və regional layihələri ABŞ dəstəkləyir. O cümlədən Zəngəzur dəhlizinin açılması məsələsinin də müzakirə mövzusu olacağını hesab edirəm”.
O eyni zamanda vurğulayıb ki, müzakirə olunacaq əsas mövzulardan bir digəri də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı olacaq:
“Tramp sülhseverliyi ilə adını tarixə yazmağa çalışır. Ona görə də prezident seçildiyi ilk gündən dünyada baş verən müharibə ocaqların söndürülməsinə cəhd edir. Belə ki, Hindistan-Pakistan müharibəsinin dayandırılmasına töhfəsini verib, Rusiya-Ukrayna müharibəsinin sonlandırılması üçün səylərini davam etdirir. O cümlədən Azərbaycan Prezidenti və Ermənistan baş nazirini Ağ Evə dəvət etməklə iki ölkə arasında uzun sürən münaqişəni birdəfəlik tarixin arxivinə göndərilməsi üçün müvafiq addımları atılması da nəzərdə tutulur”.
Son olaraq deputat bildirib ki, üçtərəfli görüşdə tərəflərin yekun sülh müqaviləsinin imzalanmasına sadiqliyini təsdiq edəcək bir sənəd imzalanacaq:
“Bu görüş regionumuza dayanıqlı sülh və əməkdaşlığın gətirəcəyini hesab edirəm. ABŞ məsələlərə ədalətlə yanaşır və irəli sürdüyü təşəbbüslər Cənubi Qafqazı sülh və əməkdaşlıq regionuna çevrilməsi baxımından əhəmiyyətli olacaqdır”,- deyə A.Badamov deyib.