ABŞ-də Zəngəzurla bağlı tarixi anlaşmaya Çinin mövqeyi ciddi suallar doğurdu. Hələ bu razılaşmadan çox-çox əvvəl də rəsmi Pekin Zəngəzur dəhlizinin çəkilməsində israrçı mövqeydə deyildi. Ekspertlərin indiki mövqeyi də budur ki, Pekin Rusiya ilə münasibətlərini nəzərə aldığı üçün gözləmə mövqeyi tutur. Yəni Moskvanın narazı qaldığı bu razılaşmaya Pekin “əl çalmağa” tələsmir. Çinin hazırkı vəzifəsi qlobal liderliyə nail olmaqdır. Amerika Birləşmiş Ştatları ilə rəqabətdə Çin üçün Zəngəzur keçidi olmadan da yarışması mümkündür. Çinin ticarətinin 90%-i dəniz və okeanlar, yalnız 10%-i quru yollar vasitəsilə keçirilir. O səbəbdən bəzi analitiklər hesab edir ki, Çin bu anlaşmaya xüsusi “diqqət yetirmədiyi” təəssüratı yaratmaqda maraqlıdır.
Çinin Rusiya və İrandan fərqli olaraq susqunluq nümayiş etdirməsi nə ilə bağlıdır? Zəngəzur dəhlizinin açılması Çinə sərf edir? Edirsə, açıq dəstək ifadə etməməyi Rusiyanı və İranı narazı salmaq istəmədiyindən irəli gəlir?
1xeber.media xəbər verir ki,Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri arasında imzalanmış memorandumun önəmli maddələrindən biri Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Çox müzakirələrə və mübahisələrə səbəb olan məsələ artıq həll olunmaq üzrədir: “”Tramp yolu" adı altında mediada dolaşan fikirlər öz təsdiqini tapdı. ABŞ-nin şirkəti Ermənistan ərazisində 99 illiyinə torpağı icarəyə götürəcək və buraya sərmayə yatırmaqla avtomobil və dəmiryolu xətlərinin çəkilişinə dəstək göstərəcək. Sonrakı periodda isə təhlükəsizlik zəmanəti verəcək. Bu, tarixi nailiyyət hesab oluna bilər. Ermənistan öz suveren hüquqlarından istifadə edərək ABŞ ilə belə razılaşma imzaladı. Bu razılaşma dərhal İran və Rusiya tərəfindən neqativ qarşılandı. Böyük maraq doğuran dünyanın super güclərindən biri olan Çinin mövqeyidir. Çünki Çin Azərbaycanla və Ermənistanla ikitərəfli müstəvidə sıx əlaqələr qurmaqda maraqlıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına çox mühüm səfəri həyata keçirilib və səfər zamanı ikitərəfli mühüm sənədlər imzalanıb. Bununla ikitərəfli münasibətlər keyfiyyətcə yeni mərhələyə qalxdı. Hesab edirəm ki, hazırda Çinin susqunluğu narazılıq yox, razılıq əlamətidir".
Ekspert qeyd etdi ki, Çin böyük tarixi olan və iqtisadiyyatının təhlükəsizliyinə xüsusi həssaslıqla yanaşan dövlətdir. Çin üçün yüklərin təhlükəsiz şəraitdə ötürülməsini təmin edən və edəcək marşrutun mövcudluğu önəmli xarakter daşıyır: “ABŞ kimi fövqəldövlət əgər Zəngəzur dəhlizinin təhlükəsizliyinə zəmanət verəcəksə, bu, Çin tərəfindən də müsbət qarşılanacaq. Çin bütün risklərin aradan götürülməsinin tərəfdarıdır və Çinin ”Kəmər-yol konsepsiyası" da bu siyasətə əsaslanır ki, etibarlı və dayanıqlı, təhlükəsizlik arxitekturası olan ərazilərə sərmayə yatırılması daha məqsədəuyğundur. Ona görə də Mərkəzi Asiyada ərazi mübahisələrinin həll olunmasında Çinin payı var. Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından sonra Çin Zəngəzur dəhlizindən faydalanacaq. Çin məhz bunu gözləyir. Çin üçün iqtisadi əlaqələr önəmlidir"