“Məni bəzi “dostlarım” və jurnalistlər o qədər ölkəyə səfir göndəriblər ki, artıq bu xəbərlərə öyrəşmişəm. Harda yeni bir yer açılır və ölkə ilə əlaqə qurulursa, o dəqiqə deyirlər ki, Elmar Məmmədyarov ora səfir göndəriləcək”.
1xeber.media xəbər verir ki, bu sözləri “Teleqraf”a Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov onun Ermənistana səfir göndərilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Sabiq nazir Ermənistanla hələ sülh sazişinin imzalanmadığını bildirib: “Yekun sülh sazişi imzalandıqdan sonra belə Ermənistanla Azərbaycan arasında diplomatik əlaqələri qurmaq üçün ən azı bir-iki il vaxt lazım olacaq. Bu, adi qaydada həll olunan məsələ deyil. Bunun üçün beynəlxalq qaydalar var. Beynəlxalq protokollara uyğun olaraq əlaqələr qurulduqdan sonra ölkələr bir-birinin ərazisində qarşılıqlı razılıq əsasında səfirlik aça bilir”.
Elmar Məmmədyarov Ermənistanda səfir olmaq məsələsinə ümumi məsləhətə uyğun adekvat addım atacağını söyləyib: “Necə məsləhətdirsə, elə də olacaq”.