Ağ Evin rəmzi açarının Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilməsi təkcə protokol jesti deyil, həm də güclü geosiyasi mesaj kimi qiymətləndirilir. ABŞ Prezidenti Donald Trampın dünyanın gözü qarşısında atdığı bu addım, Vaşinqtonun Bakıya olan etimadını və strateji tərəfdaşlıq niyyətini açıq şəkildə nümayiş etdirir. Üstəlik, İlham Əliyevin Ağ Evdəki komanda üzvlərinə xatirə sikkələri hədiyyə etməsi də diqqətdən yayınmadı.
Bəs bu simvolik jestlərin arxasında hansı siyasi məqamlar dayanır?
1xeber.media xəbər verir ki,Globalinfo.az-a açıqlamasında Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri Arzu Nağıyev bildirib ki, bu, yalnız protokol məsələsi deyil, həm də geosiyasi mesajdır:
“Həmin jest, qonaqpərvərliklə yanaşı, yüksək strateji tərəfdaşlıq səviyyəsini də nümayiş etdirir. Tramp, bütün dünya qarşısında bu addımı ataraq, “Azərbaycan bizim etibarlı tərəfdaşımızdır, Ağ Evin qapıları hər zaman onların üzünə açıqdır” mesajını verir.
Bu, Cənub Qaz Dəhlizi də daxil olmaqla bütün layihələr, Azərbaycanın dünyanın enerji təhlükəsizliyinə təhdidlərin qarşısını alan bir dövlət kimi qəbul edilməsi, eləcə də İlham Əliyevin apardığı müstəqil daxili və xarici siyasətin tərkib hissəsi kimi dəyərləndirilməlidir.
Sikkələrin təqdim olunması şəxsi jestdir və proseslərdə ən böyük rolu olan şəxslərə verilir. Bu, komandada iştirak edənlərə hörmətin ifadəsidir.
Əlbəttə, məsələnin siyasi tərəfi də mövcuddur – rəsmi Bakını Cənubi Qafqazda lider dövlət kimi tanımaq, Ermənistana və regiondakı digər ölkələrə dolayı yolla çatdırmaqdır ki, Azərbaycan ABŞ-ın mühüm tərəfdaşıdır. Bakının rolunu gücləndirmək əsas məqsədlərdən biridir.
Donald Trampın bu tip jestləri İsrail Baş naziri Benyamin Netanyahu və bir neçə şəxsə də olub. Bu, siyasi mesajın bir növüdür.
Münasibətlərimiz artıq daha ciddi mərhələyə qədəm qoyub və bu, Prezident İlham Əliyevə, onun apardığı siyasətə etimadın göstəricisi kimi qiymətləndirilməlidir”.