1xeber.media xəbər verir ki,ABŞ prezidenti Donald Tramp Alyaskada Vladimir Putinlə keçirilən sammiti yüksək qiymətləndirib. O, Fox News telekanalına müsahibəsində görüşü “10 üzərindən 10” adlandıraraq, danışıqları “çox isti və konstruktiv” kimi xarakterizə edib. Tramp bildirib ki, nüvə güclərinə sahib iki ölkənin münasibət qurması dünya üçün müsbət haldır.
ABŞ lideri əlavə edib ki, Ukrayna məsələsində “çox yaxşı irəliləyiş” əldə olunub. Bununla belə, o, yekun sülh sazişinin hələ tamamlanmadığını və razılaşmanın yalnız bütün tərəflərin iştirakı ilə mümkün olacağını qeyd edib. “Üçüncü tərəfin də razılığı olmadan çıxış yolu yoxdur”, – deyə Tramp vurğulayıb.
Müsahibələrində Tramp ABŞ-Rusiya münasibətlərində müsbət ab-havanı qabardıb və Alyaska görüşünü öz diplomatik fəaliyyətinin uğuru kimi təqdim etməyə çalışıb. ABŞ mediası da sammitin gedişatını geniş işıqlandıraraq, liderlərin bədən dili, danışıqların tonu və ictimai mesajlarını dəyərləndirib.
Bununla yanaşı, bir sıra beynəlxalq müşahidəçilər və ekspertlər görüşün nəticələrini fərqli qiymətləndiriblər. Onların fikrincə, Trampın optimist açıqlamalarına baxmayaraq, Putin sammitdə öz mövqelərini qoruyaraq və ABŞ prezidentinin diplomatik təşəbbüslərinə üstünlük qazanaraq “triumf” nümayiş etdirib. Analitiklərin bir hissəsi hesab edir ki, Trampın sərgilədiyi mülayimlik onun zəif mövqedə olduğunu göstərib.
Beləliklə, Alyaska sammiti həm tərəflərin münasibətlərində müəyyən yaxınlaşma, həm də beynəlxalq arenada fərqli şərhlər doğuran nəticələrlə yadda qaldı.
Musavat.com