Bakı Metropolitenində üz tanıma texnologiyası ilə gediş haqqı ödəniş sisteminin tətbiqinə dair danışıqlar aparılır.
1xeber.media Report-a istinadla xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus AzInTelecom MMC-nin kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev şirkətin media nümayəndələri üçün keçirdiyi təlimdə bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan Dəmir Yolları QSC ilə birgə üz tanıma texnologiyasından istifadə edərək ödəniş sisteminin inteqrasiyasına başlanılıb.
F.Fərəcullayev bildirib ki, paralel olaraq Bakı metrosunda oxşar mexanizmin tətbiqi imkanları müzakirə olunur:
"Belə bir sistemin yerüstü nəqliyyatda - avtobuslarda tətbiqi hava şəraiti, işıqlandırma, kameraların keyfiyyəti və digər texniki amillər kimi bir sıra çətinliklərlə bağlıdır. Buna görə də əvvəlcə sınaqlar keçirmək lazımdır, bundan sonra yekun qərar qəbul etmək mümkün olacaq".