Astarada güclü leysan nəticəsində torpaq sürüşməsi baş verib.
1xeber.media APA-ya istinadən xəbər verir ki, cənub bölgəsində yağıntılı hava şəraiti çaylarda suyun səviyyəsini artırıb.
Leysan xarakterli yağış Astara rayonunda bir sıra fəsadlar törədib. Ucqar dağ kəndlərində sel suları yollara, körpülərə zərər vurub. Niləşə kəndində isə torpaq sürüşməsi baş verib. Təqribən 100 metrə yaxın torpaq sürüşüb.
Kənd sakini Günay Ruhşanovaya məxsus həyətyanı sahə torpaq qatı altında qalıb.
Siyəkü kənd bələdiyyəsinin sədri Ramin Dədəyev bildirib ki, sözügedən ərazi meşə massividir və meşə təsərrüfatına aiddir. Vətəndaşın müraciəti əsasında həmin əraziyə baxış keçirilib və sürüşmə barədə aidiyyəti üzrə məlumat verilib.
Bələdiyyə sədri onu da bildirib ki, dağlardan gələn sel suları irigövdəli qurumuş ağacların qol-budaqlarını, torpaq qatını gətirərək, bəzi körpülərin, suötürücü boruların qarşısını kəsib.
Hazırda onların təmizlənməsi işləri görülür.
***
Son günlər bölgəyə yağan intensiv yağışlar nəticəsində mailliyi 45-50 dərəcə olan sərt kəsilmiş yamacda süxur kütləsinin islanaraq ağırlıq qüvvəsinin təsiri altında irəliləməsi və sürüşmə prosesi baş verib.
Bunu Oxu.az-a açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib.
O qeyd edib ki, son günlər ölkə ərazisində müşahidə olunan yağmurlu hava şəraitindən sonra ekzogen-geoloji proseslərin dinamikasında ciddi aktivlik müşahidə olunmur.