Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi XI Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edərək, öz layihələri çərçivəsində son illərdə nəşr olunmuş kitabları nümayiş etdirib.
1xeber.media xəbər verir ki, nəşrlər arasında Azərbaycan ədəbiyyatının görkəmli klassikləri - Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Xurşidbanu Natəvan və digər görkəmli şəxsiyyətlərin əsərləri, eləcə də “Kitabi-Dədə Qorqud” dastanı xüsusi yer tutmuşdur.
Bununla yanaşı, Azərbaycan ilə Özbəkistan arasında mədəni əməkdaşlığa həsr olunmuş araşdırmalar və nəşrlər də təqdim olunub.
Ziyarətçilər Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin həyat və fəaliyyətini işıqlandıran kitablarla da tanış olublar.
Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ziyarətçiləri sərgi ilə ətraflı tanış edib, nümayiş etdirilən nəşrlərin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin zəngin irsini əks etdirməklə yanaşı, iki qardaş ölkə arasında mədəni-humanitar əməkdaşlığın möhkəmlənməsinə də xidmət etdiyini vurğulayıb. O qeyd edib ki, sərgi çərçivəsində, həmçinin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yubileyləri qeyd olunan klassik müəlliflərə həsr olunmuş və mərkəz tərəfindən son illərdə hazırlanmış kitabların təqdimatları da keçiriləcək.