BMT Təhlükəsizlik Şurasının sanksiyalarının bərpasından sonra Qahirədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) imzalanmış saziş artıq aktuallığını itirib.
1xeber.media xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda xarici diplomatik missiya rəhbərləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İran agentliklə əməkdaşlıqla bağlı yeni qərarlar qəbul etməyə məcbur olacaq.
"Bir neçə danışıqlardan sonra Qahirədə razılaşma əldə olunmuşdu, lakin "snapback" mexanizmi də daxil olmaqla yeni reallıqlar fonunda bu saziş artıq kifayət etmir və yeni qərarlar qəbul ediləcək", - nazir vurğulayıb.
Əraqçinin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasında "Avropa üçlüyü"nün (Böyük Britaniya, Almaniya və Fransa) İrana qarşı sanksiyaların bərpası istiqamətində atdığı addımlar nəticəsində onların İranın nüvə proqramı ətrafında böhranın həlli üzrə qarşıdakı danışıqlarda rolu minimuma endiriləcək.