Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvü, həqiqi dövlət müşaviri, akademik Ramiz Mehdiyev hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma kimi ağır cinayətlərdə suçlanır. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. İstintaq gedir.
1995-ci ildən 2019-cu il oktyabrın 23-dək Prezident Administrasiyasının (2009-cu ilədək Prezidentin İcra Aparatı adlanıb) rəhbəri, 2019-cu il oktyabrın 23-dən 2022-ci il fevralın 19-dək Milli Elmlər Akademiyasının prezidenti olmuş Ramiz Mehdiyev müxtəlif vaxtlarda Azərbaycanın yüksək dövlət mükafatları - “Heydər Əliyev”, “İstiqlal”, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub.
Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamlar sübuta yetirilsə, bu ittihamlar üzrə barəsində məhkəmə hökmü çıxarılsa, o, təltif olunduğu ordenlərdən məhrum edilə bilərmi?
Hüquqşünas Əkrəm Həsənov Medianevs.az sualına belə cavab verib:
“Əgər barəsində məhkəmə hökmü olacaqsa, onda Ramiz Mehdiyev orden və medallardan da məhrum oluna bilər. Ona çox ağır ittihamlar verilib. Bu ittihamlar birbaşa dövlətin təhlükəsizliyi ilə bağlıdır. Belə ağır cinayətləri törətməkdə təqsiri sübuta yetirilən şəxs dövlətin yüksək orden və medallarını daşımaqda davam edə bilməz”.