Dünyaca məşhur İspaniya geyim brendi Mango, müştəri məlumatlarının üçüncü tərəf marketinq xidmətində baş verən məlumat sızmasından sonra kiberhücuma məruz qaldığını təsdiqləyib.Şirkət oktyabrın 15-də müştərilərinə göndərdiyi rəsmi bildirişdə, məlumatların pozulmasının Mango-nun daxili sistemlərinə deyil, əməkdaşlıq etdiyi xarici marketinq platformasına aid olduğunu qeyd edib.
1xeber.media xəbər verir ki, bu barədə Mango açıqlamasında bildirib.
Sızdırılan məlumatlar yalnız əlaqə məlumatları ilə məhdudlaşıb. Buraya ad, ölkə, poçt kodu, e-poçt ünvanı və telefon nömrəsi daxildir.
"Heç bir halda bank məlumatlarınız, kredit kartları, şəxsiyyət vəsiqəsi və ya giriş parollarınız pozulmayıb", – deyə şirkət bildirib.
Mango məlumat sızmasını aşkarladıqdan dərhal sonra təhlükəsizlik protokollarını aktivləşdirdiyini, həmçinin məsələ ilə bağlı Məlumatların Mühafizəsi Agentliyini və digər müvafiq orqanları məlumatlandırdığını qeyd edib.
Şirkət müştərilərinə ehtiyat tədbiri olaraq, hər hansı şübhəli e-poçt, zəng və ya məlumat sorğularına qarşı diqqətli olmalarını tövsiyə edib.
"Xidmətlərimizin təhlükəsizliyi və məxfiliyinə dair öhdəliyimizə uyğun olaraq, vəziyyətə dərhal reaksiya verdik. Hazırda Mango-nun infrastruktur və korporativ sistemlərində hər şey stabil və təhlükəsiz şəkildə fəaliyyətini davam etdirir", – bildirilib.
Mango bu hadisənin müştərilərlə əlaqələrin şəffaf və məsuliyyətli şəkildə idarə edilməsinə təsir etməyəcəyini vurğulayıb.