“Dövlət çevrilişinə cəhd 1 nəfərin görəcəyi iş deyil”.
1xeber.media xəbər verir ki,bu sözləri “Yeni Sabah”a açıqlamasında Yeni Azərbaycan Partiyasının Milli Məclisdə təmsil olunan deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, çevrilişə cəhd kollektiv, komanda halında olur:
"Deməli, istintaqın gedişində, ilk növbədə, şaxələnmə olacaq. Bir neçə komponentlər üzrə, ayrı-ayrı istiqamətlərdə daha çox şəxsin prosesə cəlb olunması baş verə bilər. Bu, ittihamın hüquqi xarakteri ilə bağlıdır.
Dövlət çevrilişinə cəhd böyük bir şəbəkənin olmasını tələb edir. İttihamda belə bir şəbəkə mövcudluğuna eyham var və sadəcə onun ifşa olunması məsələsi qalır”.
Parlament üzvü qeyd edib ki, belə bir cəhdin arxasında hansısa xarici qüvvələrin olması istisna edilmir:
“İkincisi, dövlət çevrilişinə cəhd xarici dəstək olmadan mümkün deyil. Bilirik ki, bəzi qonşularımız Cənubi Qafqaz respublikalarında paralel çevriliş ssenariləri işləyib hazırlayır. Bu yolla həmin qüvvələr Cənubi Qafqazı öz imperiya peykinin ətrafına toplamağa çalışır.
Əlbəttə, bu məsələdə mütləq xarici ölkələrin xüsusi xidmət orqanlarının izini axtarmaq lazım gələcək".
H. Babaoğlu vurğulayıb ki, dövlətin əsas vəzifəsi vətəndaşların təhlükəsizliyinin qorunmasıdır:
“Fikrimcə, Azərbaycanın peşəkar təhlükəsizlik xidməti mütəxəssisləri bu işi sona qədər araşdıracaq və cəmiyyətə lazım olan məlumatları verəcək. Həmin cinayətkarlar cəzalandırlacaq. Həm də elə etmək lazımdır ki, bundan sonrakı mərhələdə də heç kəs cəsarət edib Azərbaycanın legitim hakimiyyətini devirməyə cəhd göstərməsin və ölkədə xaos yaratmağa cəsarət etməsin.
Biz tarixi qələbə əldə etmişik və bu qələbəni əlimizdən almaq istəyənlər var. Azərbaycan dövlətinin əsas vəzifəsi vətəndaşlarımızın təhlükəsizliyini və əldə etdiyimiz tarixi zəfəri qorumaqdan ibarətdir ki, atılan addım da dövlətin bu qətiyyətinin göstəricisidir”.
Xatırladaq ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi R. Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən R.Mehdiyev barədə verilən vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.
Ramiz Mehdiyev 2020-ci ildə Milli Məclisin 15 deputatını məhkəməyə verib. Onlardan biri də Hikmət Babaoğludur.