Oktyabrın 20-si Xankəndi Konqres Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun rəsmi açılış mərasimi keçirilib.
1xeber.media xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin, Konstitusiya quruluşunun qorunması naminə həyatlarını qurban verən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, himnimiz səsləndirilib. Xalq artisti Fəxrəddin Manafovun ifasında “Şəhidə məktub” videoçarxı nümayiş olunub.
Rəsmi açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin Konstitusiya quruculuğuna dair fikirlərindən ibarət xüsusi videoçarx da təqdim edilib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, 2023-cü ildən başlayaraq, hər il Azərbaycan QHT-lərinin illik toplantısı keçirilir, ötən dövrün, cari vəziyyətin və gözləntilərin dəyərləndirilməsi üçün bu platforma mühüm əhəmiyyət kəsb edib.
İcraçı direktor QHT-ləri prosesə yaxından cəlb etməklə, 19 dövlət proqramı üzrə 67 tapşırığın icrasını Agentliyin 97% göstərici ilə tamamladığını, bu nəticənin qurumun tarixində ilk dəfə əldə olunduğunu bildirib.
Məlumat verilib ki, 2025-ci ilin noyabrında Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu keçiriləcək: “Bundan başqa, Azərbaycan-Qazaxıstan QHT-lərinin ilk forumuna hazırlıq prosesi də davam edir. Qarşıdakı dövrdə Azərbaycan-Çin QHT-lərinin də əməkdaşlıq platformasının qurulması hədəflənir”.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov qeyd edib ki, hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarının ərazisində 22 mindən çox şəxs məskunlaşıb. O, QHT-ləri azad edilmiş ərazilərin reinteqrasiyasında, bərpa və sosial adaptasiya proseslərində fəal iştirak etməyə çağırıb: “Əminəm ki, bu cür görüşlər dövlət orqanları ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlığı daha da dərinləşdirəcək, Azərbaycan Respublikasının Konstitusiyanın ruhuna uyğun birgə fəaliyyətin möhkəmlənməsinə, həmçinin Azərbaycan həqiqətlərinin və dəyərlərinin beynəlxalq miqyasda daha geniş tanıdılmasına xidmət edəcək”.
Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev artıq Azərbaycanda dövlət-QHT münasibətlərinin “yardım modeli” çərçivəsindən çıxaraq, qarşılıqlı məsuliyyət, etimad, şəffaflıq modeli üzərində qurulduğunu diqqətə çatdırıb: “Bu, yeni mərhələyə yüksəlmədir.
Məqsəd yalnız müxtəlif layihələr maliyyələşdirmək deyil, onun təsirini, özü də sistemli təsirini ölçə bilmək, layihələri mütərəqqi ictimai dəyərə çevirməyə nail olmaqdır. Bu gün Azərbaycan QHT sektorunda böyük bir canlanma, yüksək əhval-ruhiyyə, işgüzarlıq mühiti, proaktiv fəaliyyət müşahidə edilir. Artıq tədbir naminə tədbirlər deyil, hədəf auditoriyaya yönəlik işlər, ölçüləbilən nəticələr önə çıxır, hesabatlılıq artır”.
“Qarabağ Dirçəliş Fondu”nun İdarə Heyətinin sədri Rəhman Hacıyev son illər QHT sektorunda kəmiyyətdən keyfiyyətə keçidin gücləndiyini vurğulayıb. R.Hacıyev ilk dəfə QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə birgə QHT-lər üçün müsabiqələr elan etdiklərini, prosesdə əsas tərəfdaşın ANAMA olduğunu bildirib. O, bu müsabiqələr çərçivəsində QHT-lərdən mina və PHS mövzusunda mühüm təşəbbüslər gözlədiklərini ifadə edib, Forumun işinə uğurlar arzulayıb.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Sosial Sərmayələr Departamentinin direktoru Xalid Rəcəbov da ilk dəfə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə QHT-lər üçün qrant müsabiqələri elan etdiklərini, bunun uğurlu başlanğıc olacağına inandıqlarını qeyd edib.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova Azərbaycan vətəndaş cəmiyyəti qaya kimi möhkəm və daim işgüzar olmasının vacibliyini önə çəkib, milli maraqların müdafiəsində Azərbaycan QHT-lərinin vahid mövqedən çıxış etməsini təqdir edib.
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, “layihə yönümlü fəaliyyətinin yerini proses yönümlü sistem tutmalıdır” fikri təkcə texniki yanaşma kimi deyil, vətəndaş cəmiyyətinin özünütəşkil modelinə dair strateji çağırış kimi səslənir: “Layihə müəyyən məqsədin ifadəsidirsə, proses həmin məqsədin daimi idarəetmə mexanizminə çevrilməsidir.
Layihələr keçici nəticə verir, proseslər isə dəyərlərin davamlılığını təmin edir. Azərbaycan vətəndaş cəmiyyəti indi bu keçidi reallaşdırmağa daha yaxındır”.
Daha sonra Forumun aparıcısı, tanınmış diktor Dilarə Səlim Azərbaycan QHT təmsilçilərinin “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş fikirlərindən ibarət videoçarxı təqdim edib.
Forum öz işini 4 panelə bölünərək davam etdirib.