Tailandın Baş naziri Anutin Çanvirakun Malayziyada keçiriləcək Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) 47-ci sammitinə səfərini ləğv edib.
1xeber.media yerli “Thai PBS” telekanalına istinadən xəbər verir ki, buna səbəb Tailand monarxı Maha Vaçiralonqkornun (X Rama) anası Kraliça Sirikitin vəfat etməsi olub.
Telekanalın məlumatına görə, sammit çərçivəsində baş tutmalı olan Kamboca ilə birgə bəyannamənin imzalanması mərasiminin vaxtını dəyişmək mümkün olmasa, sənədi krallığın xarici işlər naziri Sihasak Phuanqketkeou imzalayacaq.
Qeyd edək ki, Kraliça Sirikit oktyabrın 24-də 94 yaşında Banqkokda vəfat edib. Krallıqda elan olunmuş matəmlə əlaqədar dövlət müəssisələrində 30 gün ərzində bayraqlar endiriləcək. Bundan başqa, dövlət qulluqçuları və hökumət qurumlarının əməkdaşları bir il ərzində matəm geyimi geyinəcəklər.

















