Azərbaycan QHT-ləri Prezident İlham Əliyevi Qarabağ müharibəsinin qalibi və sülhün müəllifi kimi alqışlayaraq, onun tarixi missiyasını çox yüksək qiymətləndirirlər. Məhz İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyü və suverenliyi təmin edilib.
Bu sözləri 1xeber.media-a açıqlamasında “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, professor Fuad Məmmədov söyləyib. QHT sədri bildirib ki, ölkənin ərazi bütövlüyünü qorumaq hər bir vətəndaşın borcu və milli şərəfidir. Bu yaxınlarda Xankəndidə keçirilmiş QHT forumunda vətəndaş cəmiyyəti nümayəndələri Prezident İlham Əliyevə müraciət ünvanlamışdılar. Müraciətdə onlar Azərbaycanı qələbədən-qələbəyə aparan dövlətimizin başçısının siyasətini tam dəstəklədiklərini və onunla fəxr etdiklərini bəyan ediblər.
Müsahibimiz vurğulayıb ki, Azərbaycanın tarixi qələbəsi, suverenliyinin və ərazi bütövlüyünün bərpası ordumuzun qüdrəti, şəhidlərimizin qanı, veteranlarımızın şücaəti və xalqımızın birliyi sayəsində əldə olunub.
“Ancaq burada həlledici amil Prezident İlham Əliyevin güclü liderliyi, strateji təfəkkürü, yüksək idarəçilik mədəniyyəti və sarsılmaz iradəsi olub.
“Konstitusiya və Suverenlik İli” Azərbaycan tarixində yeni inkişaf mərhələsinin başlanğıcı oldu.
Bu il avqustun 8-də keçirilmiş Vaşinqton görüşü də həmin ilin və mərhələnin tarixi əhəmiyyətini bir daha sübut edib”, – deyə QHT sədri qeyd edib.
F. Məmmədov, həmçinin vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi və sürətli dirçəlişi Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik strategiyanın parlaq nəticəsidir: “Qısa müddətdə 6 şəhər, 2 qəsəbə və 20 kənd salınıb, 60 mindən çox insan doğma yurduna qayıdıb. Bu, dünyada bənzəri olmayan şəhərsalma modelidir”.
Sədr bildirib ki, uğurla həyata keçirilən milli inkişaf strategiyası çərçivəsində QHT-lər azərbaycanlıların Qərbi Azərbaycana qayıdış prosesinə də hərtərəfli dəstək göstərirlər. O əlavə edib ki, xalqımızın Qərbi Azərbaycana qayıdışının sülh mədəniyyəti, insan hüquqları və harmonik yanaşma əsasında təmin olunmasında vətəndaş cəmiyyətinin fəal dəstəyi böyük əhəmiyyət daşıyır.

















