2023-cü il Nobel Sülh Mükafatı laureatı, qadın hüquqları və vətəndaş azadlıqları uğrunda mübarizənin əsas simalarından biri olan Nərgiz Məhəmmədi yenidən həbs edilib. Rejimə qarşı ardıcıl mövqeyi ilə tanınan Məhəmmədi uzun illərdir İran təhlükəsizlik strukturlarının əsas hədəflərindən sayılır.
Nərgiz Məhəmmədi kimdir?
1xeber.media Musavat.com -a istinadla xəbər verir ki, Nərgiz Məhəmmədi 1972-ci ildə İranın Zəncan şəhərində anadan olub. Zəncan isə İran azərbaycanlılarının sıx yaşadığı bölgələrdən biridir. Bir sıra bioqrafik mənbələrdə onun milli mənsubiyyətcə azərbaycanlı ailədən olduğu qeyd edilir.
Fizika üzrə ali təhsil alıb. Uzun illər jurnalist və hüquq müdafiəçisi kimi fəaliyyət göstərib. İranın tanınmış insan haqları təşkilatı olan İnsan Hüquqları Müdafiəçiləri Mərkəzinin (SHRC) vitse-prezidenti olub.
Nərgiz Məhəmmədi İran cəmiyyətində “sükutu pozan qadın” kimi tanınır. Onun mübarizəsinin əsas istiqamətləri bunlardır:
- Qadınlara qarşı sistemli ayrı-seçkiliyə qarşı çıxış;
- Məcburi hicab siyasətinə etiraz;
- Edam cəzasının ləğvi üçün kampaniyalar;
- Siyasi məhbusların və işgəncəyə məruz qalanların hüquqlarının müdafiəsi;
- Təkadamlıq kameraların və qeyri-insani həbs şəraitinin ifşası;
O, xüsusilə Evin həbsxanasında baş verən zorakılıqlar və işgəncələr barədə ictimaiyyətə çatdırdığı məlumatlarla beynəlxalq aləmdə tanınıb.
İran hakimiyyəti üçün Nərgiz Məhəmmədi təhlükəli fiqurdur, çünki o, susmur. Həbsdə olsa belə, məktublar və bəyanatlarla rejimi ifşa edir. Bu səbəbdən 13 dəfə həbs olunub. Ümumilikdə 31 il həbs və 154 şallaq hökmü alıb. Ciddi sağlamlıq problemlərinə baxmayaraq, ona qarşı təzyiqlər dayandırılmayıb.
Nərgiz Məhəmmədi 2023-cü ildə Nobel Sülh Mükafatına “İranda qadınların sıxışdırılmasına qarşı cəsarətli mübarizəsinə və insan haqlarını müdafiə etdiyinə görə” layiq görülüb. O, mükafatı almağa rejim tərəfindən həbsdə saxlanıldığı üçün gedə bilməyib. Beləliklə, Nobel mükafatı ilk dəfə olaraq həbsxanadakı bir qadına təqdim olunub.
Onun yenidən həbs edilməsi bir daha göstərir ki, Tehran üçün təhlükə silah yox, söz, qadın iradəsi və həqiqətdir.

















