Filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar birliyinin üzvü, şair, Özbəkistan Xalq Maarif əlaçısı Məsud Əliağa oğlu Məmmədov (Məsud Dövran) vəfat edib.
1xeber.media xəbər verir ki, Məsud Məmmədov 27 iyul 1937-ci ildə Astaranın Şahağac kəndində anadan olub.
1954-cü ildə Astara rayonunun Şiyəkəran kənd orta məktəbi bitirmiş və 1958-ci ilə qədər Şahağac kənd məktəbində "Pioner baş dəstə rəhbəri" vəzifəsində çalışmışdır. 1958-1962-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1962-1967-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedoqoji Dillər İnistitutunun "Rus dili və ədəbiyyatı" fakültəsində təhsil almış və inistitutu bitirdikdən sonra AMEA-nın Nəsimi adına Dilçilik İnistitutunun "İran və Qafqaz" dilləri şöbəsində kiçik elmi işçi vəzifəsini daşıyıb.
Məsud Əliağa oğlu Məmmədov 1973-cü ildə elm aləminə məlum olmayan "Xələc dili" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1975-1994-cü illərdə Özbəkistan Respublikasının Gülüstan Dövlət Universitetində baş müəllim vəzifəsində fəaliyyətə başlayan Məsud Əliağa oğlu Məmmədov sonralar "Rus dili" kafedrasının müdiri, "Rus dili və Ədəbiyyatı" fakültəsinin dekanı və artıq 1987-1992-ci illərdə Tədris işləri üzrə prorektor vəzifəsinə qədər yüksəlmişdir. O, 1984-cü ildə doktorluq dissertasitasını müdafiə edib. 1985-ci ildən professordur.
Məsud Əliağa oğlu Məmmədov 1992-1994-cü illərdə Qazaxıstanın Çimkənd vilayətinin Türkistan şəhərində təşkil olunmuş Türk-Qazax Beynəlxalq Universitetinə dəvət olunmuş və "Türk dili" kafedrasının müdiri vəzifəsində çalışıb.
O, 1994-cü ildən Lənkəran Dövlət Universitetində çalışıb. 300-ə yaxın elmi məqalə, 5 monoqrafiya, 6 şeirlər kitabının müəllifidir.

















