Mən bir müəllim tanıyıram, o müəllim ki, şagirdləri dərsə hazır olmadıqları üçün hönkür-hönkür ağlamışdı
Bu sözləri təhsil eksperti Elçin Əfəndiyev özünün sosial şəbəkə hesabında paylaşdığı statusda yazıb.
1xeber.media paylaşımı təqdim edir:
"XXI əsrin ilk illəri idi və auditoriyaya tarix müəllimi Amil müəllim daxil olaraq mövzular üzrə sual-cavaba başladı. Kəkələyə-kəkələyə cavab verdiyimizi görüb, gözləri doldu. Axı niyə belə edirsiniz? Mən Azərbaycanın gələcəyi üçün sizi hazırlayıram, sizə güvənirəm, etibar edirəm, amma siz nə edirsiniz? deyərək, göz yaşlarına hakim ola bilmədi. Sizə bir daha dərs keçməyəcəm deyərək, auditoriyanı tərk etdi. Bütün qrup arxasınca qaçdıq və az qala diz çökərək yalvarmağa başladıq ki, xahiş edirik bizə bir şans verin. Bir daha bu hal təkrar olmayacaq. Dərslərimiz çox olduğu üçün tarixi arxa plana salmışdıq. Sizə söz veririk ki, etimadınızı doğruldacağıq. Fikirləşərəm, deyib getdi...
Mən o zaman bir müəllimin hönkürərək ağladığını, gözyaşlarını gördüm. Mən o zaman həqiqi təhsilverənin öz biliyini qarşı tərəfə ötürmək istəyini, vətəninin, tələbələrinin gələcəyini düşündüyünü gördüm.
O, qayıtdı... Həm auditoriyaya, həm də Ermənistan tərəfindən işğal edilmiş yurdu azad olduqdan sonra öz yurduna. Fikrimcə, onun gözyaşları hədər getmədi. Çünki biz və bizdən sonra yüzlərlə vətənpərvər yatişdirə bilmişdi...
Hə, bunu niyə xatırladım? Ona görə ki, hər bir müəllimin içində öyrətmək arzusu var. Əgər bu gün bizə bir hərfi, bir sözü, bir tarixi hadisəni, bir coğrafi adı, bir kimyəvi reaksiyanı, bir bioloji strukturu, bir riyazi hesabı, bir fiziki qanunu öyrədən varsa, ona qalxan əl ancaq dərsinə hazır olduğunu bildirmək üçün olmalıdır!"

















