“Vaxtilə biz Milli Məclisdə müzakirə etdik ki, tikilməkdə olan binalarda mənzil alan şəxslərlə müqavilə bağlanan zaman həmin müqavilələr daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsın və gələcəkdə vətəndaşları narahat edəcək bir çox problemlər yaşanmasın. Amma çox təəssüflər olsun ki, bu gün də bu məsələ həllini tapmayıb".
1xeber.media apa-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsində deputat Bəxtiyar Əliyev deyib.
O əlavə edib: "Bir çox tikinti şirkətləri bu istiqamətdə vətəndaşların çox böyük etimadını qazanıb, əmlakın dövlət reyestrində qeydiyyat məsələlərini həll edir və mənzillərin 2-3 və daha çox şəxsə satılması və ya sonradan dövlət reysteri xidmətindən çıxarışların alınmasında heç bir problemlərlə üzləşmirlər. Amma elə şirkətlər də var ki, onların dəfələrlə məhkəmələr olub, cinayət işləri qaldırılıb.
Eyni zamanda, Şəhərsalma və Arxitektura Komitəsinin təsdiqlədiyi tikinti layihələrinə tikinti zamanı müəyyən dəyişiklik edirlər ki, bunlar da vətəndaşlar tərəfindən narazılıqla qarşılanır. Əvvəl bağlanmış müqavilələrdə göstərilmiş və komitə tərəfindən təsdiq edilmiş layihələrlə dövlət reyestri xidmətində mənzillər qeydiyyata alınan zaman uyğunsuzluqlar əmələ gəlir. Çünki istər Mənzil Məcəlləsində, istər Nazirlər Kabinetinin təsdiq etdiyi normalar var ki, mənzillərin ölçüləri uyğun gəlmir.
Çox təəssüf ki, bəzi şirkətlər var ki, mənzil tikintisini qanunazidd olaraq həyata keçirir. Ona görə də çox yaxşı olardı ki, tikintisinə icazə verilmiş çoxmənzilli yaşayış binalarında hər hansısa bir mənzillə bağlı vətəndaşlarla müqavilə imzalanıbsa, bu müqavilələr Daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyata alınsın. Bu da imkan verəcək ki, Komitə tərəfindən təsdiq edilmiş layihələrin ölçülərinə, arxitekturaya sonradan heç bir tikinti şirkəti dəyişiklik etməyəcək, vətəndaşların hüquqları qorunacaq".