Formalaşmaqda olan yeni rəqəmsal inkişaf mərhələsi yalnız iri infrastruktur layihələri və strateji sənədlərlə məhdudlaşmır. Bu prosesin arxasında dayanan konseptual yanaşma, texnoloji məntiq və institusional çərçivə də ən azı siyasi iradə qədər əhəmiyyətlidir. Çünki rəqəmsallaşma ayrı-ayrı platformaların və xidmətlərin tətbiqi deyil, bütöv bir ekosistemin qurulması deməkdir.
1xeber.media xəbər verir ki, məhz bu baxımdan “rəqəmsal arxitektura” anlayışı xüsusi diqqət çəkir. Məsələnin mahiyyətini daha dərindən anlamaq üçün mövzu ilə bağlı ekspertin yanaşması prosesin həm texniki, həm də strateji tərəflərini aydın şəkildə ortaya qoyur.
Rəqəmsal arxitektura informasiya sistemlərinin, platformaların və rəqəmsal xidmətlərin vahid məntiq və standartlaşdırılmış infrastruktur üzərində qurulmasını ifadə edir. Onun sözlərinə görə, bu anlayış mahiyyət etibarilə rəqəmsal ekosistemin formalaşdırılması deməkdir.
Rəqəmsal arxitekturanın əsas komponentlərinə texnoloji təbəqə, məlumat arxitekturası, təhlükəsizlik və etibarlılıq mexanizmləri, eləcə də idarəetmə və standartlar daxildir. Bu sistem bütövlükdə rəqəmsal mühitin dayanıqlı və koordinasiyalı şəkildə fəaliyyət göstərməsini təmin edən bir növ “rəqəmsal onurğa sütunu” rolunu oynayır.
Belə bir arxitekturanın qurulması zamanla köhnə sistemlərin mərhələli şəkildə modernləşdirilməsini zəruri edir. Texnoloji yeniliklərə uyğunlaşma, vahid standartların tətbiqi və kadr potensialının təkmilləşdirilməsi bu prosesin ayrılmaz hissəsidir. Data mərkəzlərinin yaradılması təkcə texnoloji layihə deyil, həm də milli kibersuverenliyin mühüm elementlərindən biridir.
Güclü rəqəmsal infrastruktur daha sürətli və keyfiyyətli xidmətlərin göstərilməsinə, ölkənin regional data hub kimi formalaşmasına və bulud xidmətləri bazarının inkişafına geniş imkanlar açır. Bununla yanaşı, məlumatların ölkə daxilində saxlanılması, xarici platformalardan texnoloji asılılığın azalması və kiberhücumlara qarşı dayanıqlılığın artırılması baxımından da mühüm əhəmiyyət daşıyır.
Fevralın 11-də dövlət başçısının “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər rəqəmsal inkişafın artıq ayrıca sektor deyil, ümumi inkişaf strategiyasının ayrılmaz hissəsi kimi qəbul edildiyini göstərir. Süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma islahatlarının ölkələrin gələcək mövqeyini müəyyən edən əsas amillər sırasında qeyd olunması Azərbaycanın bu sahədə uzunmüddətli hədəflər müəyyənləşdirdiyini təsdiqləyir. Xüsusilə enerji generasiya gücü və sərbəst potensialın data mərkəzləri üçün baza kimi qiymətləndirilməsi məsələyə strateji baxışın göstəricisidir.
Rəqəmsallaşma prosesinin effektivliyi isə təkcə texniki imkanlarla deyil, institusional koordinasiya ilə şərtlənir. Dövlət qurumları arasında qarşılıqlı əlaqənin gücləndirilməsi, vahid fəaliyyət planının hazırlanması və hər bir qurumda rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxslərin müəyyən edilməsi idarəetmədə vahid mexanizmin formalaşmasına xidmət edir. Beynəlxalq təcrübə göstərir ki, süni intellekt siyasətinin uğurlu icrası mərkəzləşdirilmiş koordinasiya və aydın məsuliyyət bölgüsü tələb edir. Qabaqcıl ölkələrdə bu istiqamətdə xüsusi ofislər və məsləhətçi şuralar fəaliyyət göstərir, dövlət strukturları ilə yanaşı akademik və özəl sektor nümayəndələri prosesə cəlb olunur. Bu model qərarların həm strateji, həm də praktik baxımdan əsaslandırılmasını təmin edir.
Azərbaycanın seçdiyi istiqamət də məhz bu yanaşma ilə uzlaşır. Rəqəmsal inkişaf, informasiya təhlükəsizliyi və süni intellekt üzrə vahid idarəetmə mexanizminin qurulması uzunmüddətli dayanıqlığın əsas şərtidir. Çünki rəqəmsallaşma yalnız texnologiya deyil, həm də hüquqi çərçivə, məlumatların qorunması, etik standartlar və kibertəhlükəsizlik sisteminin gücləndirilməsi deməkdir.
Bütün bunlar fonunda beynəlxalq əməkdaşlıq amili xüsusi əhəmiyyət kəsb edir. Süni intellekt, data mərkəzləri və rəqəmsal infrastruktur üzrə əməkdaşlıq istiqamətlərinin strateji tərəfdaşlıq sənədlərində əks olunması Azərbaycanın bu sahədə qlobal inteqrasiyaya açıq olduğunu göstərir. Enerji və nəqliyyat infrastrukturu, fiber-optik bağlantı imkanları və sabit investisiya mühiti ölkəni beynəlxalq texnologiya şirkətləri üçün cəlbedici platformaya çevirir.
Beləliklə, formalaşan yeni rəqəmsal arxitektura iqtisadiyyatın şaxələndirilməsi, məhsuldarlığın artırılması və qlobal rəqabət qabiliyyətinin möhkəmləndirilməsi baxımından strateji mərhələni ifadə edir. Enerji resursları ilə yüksək texnologiyaların inteqrasiyası Azərbaycanın gələcək inkişaf modelinin əsas konturlarını müəyyən edir. Bu modeldə süni intellekt və rəqəmsal infrastruktur artıq seçim deyil, davamlı və dayanıqlı inkişafın fundamental dayağı kimi çıxış edir.
Prezident İlham Əliyev müşavirədəki çıxışında qeyd edib ki, Azərbaycanın digər dövlətlərlə müqayisədə bir çox üstünlükləri vardır, ki, onlardan biri ölkənin cöğrafi vəziyyətidir. Azərbaycanın Asiya ilə Avropa arasında, Şimal-Cənub dəhlizi üzərində yerləşməsi, və yaradılmış mövcud infrastruktur bu üstünlüyü təmin edir.
Daha bir üstünlük müsbət investisiya iqliminin olmasıdır. Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox həm xarici, həm də yerli sərmayə qoyulub. əldə edilən təcrübə imkan verib ki, 30 ildən çox davam edən neft-qaz layihələri bu gün də uğurla icra edilir. Bu təcrübə əlbəttə ki, rəqəmsal dünyada aparıcı rol oynayan şirkətlərlə münasibətlərdə də özünü göstərməlidir.
Digər üstünlük – son illər ərzində aparılan işlər nəticəsində Azərbaycanın öz enerji generasiya gücünü böyük dərəcədə artıra bilməsidir. Belə ki, son 20 il ərzində ölkənin generasiya gücü təxminən iki dəfəyə yaxın artaraq bu gün 10 min meqavata çatıb. Son illər ərzində bir çox yeni elektrik stansiyaları tikilərək istifadəyə verilib. Hazırda isə ölkəmizin ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücü vardır ki, rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması üçün bu, başlıca şərtdir.
Bu gün rəqəmsallaşma, süni intellekt sahələrində aparıcı şirkətlərin səhmlərinin bir hissəsi ən böyük Amerika fondlarının sərəncamındadır. Bu, da öz növbəsində daha bir üstünlük sayılmalıdır. Prezident İlham Əliyev fevralın 11-də ABŞ-ın Vitse-prezidenti Cey. Di. Venslə Bakı şəhərində keçirilən yüksəksəviyyəli görüş zamanı Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması yüksək qiymətləndirərək bu Xartiyanın tarixi bir sənəd olduğunu bildirib. Bu sənədin artıq mətbuatda da dərc edildiyini bildirən dövlətimizin başçısı qeyd edib: “Hər kəs görə bilər nədən ibarətdir, o cümlədən data mərkəzləri, rəqəmsallaşma, süni intellekt və bu sahədəki Amerika şirkətləri ilə sıx əlaqələrimiz. Yəni bu da bizim üstünlüyümüzdür”.
Qeyd edilməlidir ki Azərbaycan Avropa İttifaqına üzv 10 ölkə ilə strateji tərəfdaşlıq sənədləri imzalayıb və bu ölkələrin şirkətləri ilə də səmərəli əməkdaşlıq edir. Ötən il həm də Çin Xalq Respublikası ilə hərtərəfli Strateji Tərəfdaşlıq sənədi imzalanıb və burada Azərbaycana olan marağı nəzərə alaraq müxtəlif sahələrdə əlaqələrin daha da genişlənməsinə əminlik artıq.
Kamran Mirzəyev,
Sabirabad bələdiyyəsinin sədri

















