Bakının Sabunçu rayonunun bir sıra yaşayış məntəqələrində içməli suyun verilişində fasilə yaranıb.
1xeber.media xəbər verir ki, Yeni Balaxanı və Zabrat qəsəbələrində su təchizatı ötən gün səhər saatlarından etibarən qəfil dayandırılıb.
Sakinlərin sözlərinə görə, planlaşdırılmamış kəsinti ilə bağlı əvvəlcədən hər hansı xəbərdarlıq edilməyib. Eyni zamanda yaranmış məhdudiyyətin səbəbləri barədə aidiyyəti qurumlar tərəfindən rəsmi məlumat da təqdim olunmayıb.
Məsələ ilə bağlı Musavat.com-un sorğusunu cavablandıran İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu bildirib ki, qeyd olunan ərazilərdə magistral su xətlərində baş vermiş qəza səbəbindən suyun verilməsi müvəqqəti dayandırılıb.
“Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Su təchizatının qısa müddətdə bərpası nəzərdə tutulur”, – deyə o qeyd edib.

















