İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin ötən gün öldürülən Ali Milli Təhlükəsizlik Şurasının sdri Əli Laricaniyə qarşı sui-qəsd məsələsinə münasibət bildirib.
1xeber.media xəbər verir ki, nazir bu barədə “Əl-Cəzirə” telekanalına müsahibəsində danışıb.
O qeyd edib ki, ABŞ və İsrail hələ də İranın siyasi sisteminin mahiyyətini tam anlamır. Nazirin sözlərinə görə, İran İslam Respublikası güclü və dayanıqlı siyasi quruluşa malikdir və bu sistem müxtəlif siyasi, iqtisadi və sosial institutlar üzərində formalaşıb.
XİN başçısı vurğulayıb ki, hər hansı bir şəxsin mövcudluğu və ya öldürülməsi bu quruluşun fəaliyyətinə həlledici təsir göstərmir. Abbas Əraqçi deyib ki, ayrı-ayrı şəxslər idarəetmədə müəyyən rol oynasa da, əsas məsələ sistemin bütövlükdə möhkəm və davamlı olmasıdır.
Jurnalistin “Sui-qəsddən qorxmursunuz?” sualını cavablandıran xarici işlər naziri bildirib ki, mövcud şəraitdə hər kəs hədəfə çevrilə bilər: “Son günlərdə gördük ki, düşmənlər heç bir yeri və ya şəxsi hədəfə almaqda tərəddüd etmirlər”.
A.Əraqçı qeyd edib ki, hücumlar nəticəsində 53 xəstəxana, çoxsaylı məktəblər, bank filialları və yaşayış binaları zərər görüb. Onun sözlərinə görə, siyasi xadimlər, mülki şəxslər, alimlər və universitet professorları da hədəfə alınıb.
Nazir vurğulayıb ki, özü də potensial hədəf ola bilər: “Habelə, mən də hədəfə alına bilərəm. Ancaq biz möhkəm dayanacağıq və ölkəmizin məqsəd və maraqları uğrunda çalışacağıq. Lazım gələrsə, bu məqsədlər uğrunda canımızı fəda edəcəyik”.

















