ABŞ minlərlə əsgər göndərir: İrana qarşı yeni əməliyyat hazırlanır
Prezident Donald Tramp administrasiyası İrana qarşı davam edən hərbi kampaniyanın yeni mərhələsi çərçivəsində Yaxın Şərqə əlavə minlərlə əsgər göndərmək variantını nəzərdən keçirir.
1xeber.media xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, Vaşinqton İranda yerüstü əməliyyatların keçirilməsi imkanlarını müzakirə edir.
Planlaşdırılan əməliyyatın əsas istiqamətləri:
Hörmüz boğazı: Tankerlərin təhlükəsiz keçidini təmin etmək üçün İran sahillərində qoşunların yerləşdirilməsi ehtimalı var. Bu missiya əsasən HHQ və Hərbi Dəniz Qüvvələri tərəfindən icra olunsa da, sahil zolağında quru bölmələrinin dəstəyi istisna edilmir.
Xark adası: İranın neft ixracının 90%-ni təmin edən bu strateji adaya quru qoşunlarının çıxarılması müzakirə olunur. Mənbələr İranın raket və dron təhlükəsi səbəbindən bu addımı "çox riskli" adlandırırlar.
Nüvə ehtiyatları: Yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının mühafizəsi və ya ələ keçirilməsi üçün xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi öyrənilir. Ekspertlər bu tapşırığın hətta ABŞ xüsusi bölmələri üçün də son dərəcə mürəkkəb olduğunu qeyd edirlər.
Ağ Ev rəsmisi bildirib ki, hazırda quru qoşunlarının göndərilməsi ilə bağlı qəti qərar verilməyib, lakin prezident Tramp bütün variantları masada saxlayır. Hazırda regionda təxminən 50 min ABŞ hərbçisi var və növbəti həftə daha 2 min dəniz piyadasından ibarət çevik reaksiya qüvvəsinin gəlişi gözlənilir.

















