İspaniyanın Qranada şəhərində təşkil olunacaq güllə atıcılığı üzrə Dünya Kuboku bizim üçün vacibdir.
Bu sözləri 1xeber.media-ya açıqlamasında Azərbaycan atıcılıq millisinin baş məşqçisi İradə Aşumova deyib.
O bildirib ki, milli komanda qarşıdan gələn yarışa ciddi hazırlaşır: “Turnir bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki bu, cari ildə beynəlxalq arenada belə səviyyədə ilk çıxışımız olacaq”.
Baş məşqçi qeyd edib ki, Ermənistanın ev sahibliyi etdiyi Avropa çempionatında iştirak etməmələri hazırlıq planına təsirsiz ötüşməyib: “Məlum səbəblərdən həmin yarışda iştirak etmədik. Bu səbəbdən hazırlıq proqramında müəyyən dəyişikliklər etməyə məcbur olduq. Hazırda komandamız planlaşdırılmış proqram üzrə intensiv məşqlərini davam etdirir”.
Mütəxəssis vurğulayıb ki, güclü rəqabət şəraitində nəticə ilə bağlı öncədən proqnoz vermək çətindir: “Yarışda həm Avropa, həm də Asiya çempionatlarında çıxış etmiş güclü rəqiblər – Çin, Hindistan və digər ölkələrin idmançıları mübarizə aparacaqlar. Buna görə əsas diqqətimizi nəticədən çox, hazırlıq səviyyəsinin artırılmasına və performansın yüksəldilməsinə yönəltmişik”.
Onun sözlərinə görə, qarşıda duran əsas dünya çempionatında Olimpiya Oyunlarına lisenziya qazanmaqdır: “Bu, komandamız üçün prioritet məqsəddir və bütün hazırlıq prosesi bu istiqamətdə qurulub”.
Baş məşqçi əlavə edib ki, komanda həm də yaxın bir ay ərzində keçiriləcək Avropa çempionatına da hazırlaşır: “Həmin yarışda 25 və 50 metr məsafələrə tapança və tüfəngdən atışlar olacaq. Məqsədimiz ən azı ilk 15 idmançı sırasına düşməkdir. Bu nəticə Avropa Oyunlarına kvota qazanmaq baxımından həlledicidir”.
İ.Aşumova gənc idmançıların inkişafına da toxunub: “Komandamızın gənc üzvlərindən Vladislav Kalmıkov artıq böyüklər kateqoriyasında çıxış etməyə başlayır. Gənclərdən böyüklərə keçid hər zaman çətin mərhələdir. Lakin Kalmıkov artıq öz potensialını sübut edib və biz ondan yaxşı nəticələr gözləyirik”.
Sonda baş məşqçi idmanda səbir və zəhmətin vacibliyini vurğulayıb: “Nəticələrlə bağlı konkret proqnoz vermək çətindir, çünki hər şey yarış günü müəyyənləşir. Öz təcrübəmdən bilirəm ki, uğur zaman və zəhmət tələb edir. İlk iki Olimpiadada ən yaxşı nəticəm 10-cu yer olub, lakin üçüncü Oyunlarda medal qazana bildim. Bu da göstərir ki, düzgün hazırlıq, səbir və davamlı zəhmət uğurun əsas şərtləridir”.
Qeyd edək ki, 50-dən çox ölkədən idmançıların mübarizə aparacağı Dünya Kuboku aprelin 5-dən 13-dək təşkil olunacaq.

















