Pezeşkian bildirib ki, son 40 gündə İran xalqı dünyada güc balansını dəyişib.
1xeber.media xəbər verir ki,İran Prezidenti Məsud Pezeşkian ölkənin Ali liderinin şəhid olmasının 40-cı günü - “Ərbəin” münasibətilə xalqa müraciət edib.
Pezeşkian çıxışında son 40 gündə baş verən qarşıdurmanın nəticələrini dəyərləndirib və düşmənin atəşkəslə bağlı Tehranın şərtlərini qəbul etməsini tarixi uğur kimi təqdim edib.
Onun sözlərinə görə, qarşı tərəfin İranın şərtlərinə razılaşması təsadüfi olmayıb və bu, xalqın və ordunun göstərdiyi müqavimətin nəticəsidir.
Pezeşkian deyib: “Bu gün İranın atəşkəslə bağlı şərtlərinin qəbul olunmasında gördüyümüz böyük qələbə 40 günlük qəhrəmanlıq müqavimətinin və torpaq uğrunda tökülən qanın nəticəsidir. İran xalqının iradəsini düşmənə qəbul etdirdik”.
İran Prezidenti bildirib ki, son hadisələr təkcə məhdud hərbi əməliyyat olmayıb, “ölkənin gələcəyinə qarşı total müharibə” xarakteri daşıyıb.
Onun sözlərinə görə, hücumların hədəfində mühəndislik obyektləri, elmi mərkəzlər və tibb müəssisələri olub.
Pezeşkian vurğulayıb ki, tarixi irsə və mülki obyektlərə endirilən zərbələr, “hədəfin İranın özü - bir sivilizasiya kimi” olduğunu göstərib.
O qeyd edib ki, İran dialoqa üstünlük verən ölkədir, lakin mövcudluğuna təhlükə yarananda geri çəkilmir.
Pezeşkian ölkənin bu dövrdə dayanıqlığını təmin edən üç əsas amili də sadalayıb:
40 günlük müdafiə və eskalasiyanın istənilən səviyyəsinə hazırlıq.
Siyasi və dini müxtəlifliyə baxmayaraq, cəmiyyət daxilində birlik.
Ərzaq, dərman və yanacaq təchizatının fasiləsiz qorunması sayəsində daxili böhranın qarşısının alınması.

















