Milli Məclisdə çıxışı zamanı deputat Müşfiq Məmmədli TƏBİB-in ünvanına sərt sözlər işlədib.
1xeber.media “Yeni Sabah”-a istinadla xəbər verir ki, o, Cinayət Məcəlləsinə təklif olunan dəyişiklik layihəsinin müzakirəsi zamanı CM-ə əlavə olunan 3-cü bəndə qarşı çıxıb.
Milli Məclis üzvünün sözlərinə görə, cinayət törədən şəxsin ziyanı tam ödədiyi halda məsuliyyətdən azad olunması məsələsinə daha ciddi və prinsipial yanaşma tələb etdiyini vurğulayıb.
M.Məmmədli Qobustan və Şamaxı rayon mərkəzi xəstəxanalarının və Sumqayıt Tibb Mərkəzinin sabiq direktorları barədə cinayət işlərini xatırladıb, lakin konkret ad çəkməyib.
"Yeni Sabah"ın araşdırmasına əsasən, söhbət Şamaxı və Qobustan rayon Mərkəzi xəstəxanalarının sabiq direktoru Emin Hüseyn və Sumqayıt Tibb Mərkəzinin sabiq direktoru Səkinə Sadıxovadan gedir.
Emin Hüseyn “Batıgöz” klinikasında baş həkim və digər məsul vəzifələrdə fəaliyyət göstərib. Vaxtilə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilmişdi. 2025-ci ildə Emin Hüseyn mənimsənilən 72 min manat məbləğin bir hissəsini dövlət büdcəsinə geri qaytararaq şərti azadlığa buraxılıb.
Məhkəmə zərərin ödənildiyini və Emin Hüseynin bu əməli ilk dəfə törətdiyini nəzərə alıb. Hökmə əsasən, sabiq direktor 1 il sınaq müddəti ilə azadlıqdan məhrumetmədən yayınıb.
“Batıgöz” klinikasından “Yeni Sabah”a verilən məlumata görə, Emin Hüseyn hazırda həmin klinikada çalışmır. O, 2025-ci ilin aprel ayında “Batıgöz” klinikasındakı işindən ayrılıb.
E.Hüseyn sosial şəbəkə hesablarında “Universal” Hospitalda çalışdığını qeyd etsə də, klinikadan “Yeni Sabah”a verilən məlumata görə, hazırda orada bu adda oftolmoloq fəaliyyət göstərmir.
Deputatın eyham vurduğu ikinci şəxs isə Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxovadır. Onun rəhbərlik etdiyi qurumda baş verən qanunsuzluqlarla bağlı 2023-cü ildə cinayət işi başlanmışdı.
Aparılan araşdırma zamanı Sumqayıt şəhərində fəaliyyət göstərən dövlət tibb müəssisələrində cari təmir işləri üçün ayrılmış külli miqdarda büdcə vəsaitinin təyinatı üzrə xərclənməməsi və mənimsənilməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilmişdi.
Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci, 308.1-ci və 313-cü maddələri ilə cinayət işi açılmışdı.
Səkinə Sadıxova 2024-cü ilin dekabr ayında Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunub. Bu təyinata qədər o, TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsində çalışıb.
Xatırlatma: M.Məmmədli bildirib ki, dövlət vəsaitinin təyinatdan kənar istifadəsi və ya mənimsənilməsi ilə bağlı ittiham olunan şəxslərin ziyanı ödəyib cinayət məsuliyyətindən azad olunması sonradan yenidən rəhbər vəzifələrə təyinat üçün problem yaradır.
Onun sözlərinə görə, bu cür hallar dövlət idarəçiliyinə və ictimai etimada zərbə vurur.

















