ABŞ prezidenti Donald Tramp İranla gərgin danışıqlar fonunda bir-birinin ardınca səsləndirdiyi sərt bəyanatlarla diqqət çəkib. O, açıq şəkildə bildirib ki, Vaşinqton üçün nəticənin necə olmasının prinsipial əhəmiyyəti yoxdur və ABŞ istənilən ssenaridə qalib tərəfdir.
“Biz qalib gəlirik, nə baş verməsindən asılı olmayaraq qalibik. Gəlin görək nə olacaq. Ola bilsin razılaşma olacaq, ola bilsin yox. Bunun heç bir fərqi yoxdur. Amerikanın baxımından biz qalibik”, deyə Tramp vurğulayıb.
Onun sözlərinə görə, ABŞ artıq enerji sahəsində ciddi üstünlük əldə edib və bu, Vaşinqtonun mövqelərini daha da gücləndirir. “Gəmilər üzür və ölkəmizə doğru gəlir. Böyük, möhtəşəm tankerlərdir və biz onları neft və qazla doldururuq”, deyə o əlavə edib.
Eyni zamanda Tramp Hörmüz boğazı ətrafındakı vəziyyətə də toxunaraq bildirib ki, İranın bu strateji bölgədə addımları təhlükəli ola bilər. “Onların yəqin ki, Hörmüz boğazında bir neçə mina yerləşdirdiyi ehtimalı var”, deyə prezident qeyd edib.
Bununla yanaşı, o bir daha vurğulayıb ki, razılaşmanın əldə olunub-olunmaması onun üçün həlledici deyil. “Razılaşma əldə etsək də, etməsək də, bunun mənim üçün fərqi yoxdur”, deyə Tramp bildirib.
ABŞ lideri əlavə edib ki, Vaşinqton lazım gələrsə, Hörmüz boğazını açmaq üçün addım atacaq. “Biz bu boğazı açacağıq, baxmayaraq ki, özümüz ondan istifadə etmirik. Amma dünyada ondan istifadə edən çox ölkə var və onlar ya qorxurlar, ya zəifdirlər, ya da sadəcə ucuz davranırlar”, deyə o bildirib.
Tramp həmçinin İranla danışıqların davam etdiyini vurğulayıb: “Biz İranla çox dərin danışıqlar aparırıq. Nəticə necə olursa-olsun, biz qalibik”.
Prezident Çin faktoruna da toxunaraq xəbərdarlıq edib ki, Pekinin Tehrana hərbi dəstək verməsi ciddi nəticələr doğura bilər. “Əgər Çin bunu edərsə, onu böyük problemlər gözləyir”, deyə Tramp bildirib.
Mətbuat konfransı zamanı jurnalistlərlə dialoq isə gərgin keçib. NBC News-un müxbiri İranın ABŞ-ın təhdidlərinə məhəl qoymadığını və Hörmüz boğazının hələ də bağlı qaldığını deyəndə, Tramp sərt reaksiya verib. “Bunu haradan bilirsən? Niyə belə deyirsən? Sən heç nə bilmirsən. Hansı kanaldansan?”, deyə o soruşub. Jurnalist “NBC News” cavabını verəndə isə Tramp belə deyib: “NBC? Bu, saxta xəbərlərdir”.
Beləliklə, Vaşinqton və Tehran arasında danışıqlar davam etsə də, tərəflərin mövqeləri kəskin şəkildə fərqlənir. Trampın ritorikası isə göstərir ki, ABŞ administrasiyası istənilən inkişaf ssenarisində özünü qalib hesab edir və kompromisə getmək niyyətində deyil.

















