Yaxın Şərqdə baş verən hadisələr və qlobal enerji bazarındakı dalğalanmalar fonunda bir daha əminliklə demək mümkündür ki, Azərbaycan üçün “resurs lənəti”ndən qaçmaq və bunu “resurs töhfəsi”nə çevirməklə dayanıqlı inkişafa əlavə stimul yaratmaq strateji prioritet olmalıdır. Yəni, əslində optimal balansı qurmaqdan çox, yaranan qısamüddətli fürsətləri strateji olaraq dəyərləndirmək, müsbət effektini orta və uzun müddətə yaymaqla dayanıqlı iqtisadi inkişafa töhfənin verilməsi daha ağıllı gediş ola bilər.
İqtisadçı-ekspert Cəbrayıl Vəliyev 1xeber.media-a açıqlaması zamanı bildirib ki, qısamüddətli enerji gəlirlərinin maksimum ölçüdə bu strateji prioritet istiqamətində gələcəkyönümlü konvertasiyası vacibdir.
“Bu istiqamətlər insan kapitalına, strateji investisiya olaraq orta yüksək və yüksək texnologiyalı innovativ sənaye sahələrinə, məsələn, rəqəmsal iqtisadiyyatın tələblərinə uyğun kadr hazırlığı, yaşıl enerji komponentlərinin istehsalı, iqtisadi komplekslilik indeksi (ECI) yüksək olan ixracyönümlü neft-kimya məhsulları emalı sahələrinin genişləndirilməsinə və ikili təyinatlı texnoloji məhsulların istehsalına istifadə oluna bilər. Digər bir prioritet istiqamət isə geoiqtisadi imkanların yaratdığı logistik hab statusunun əldə edilməsi istiqaməti ola bilər. Yaxın Şərqdə yaranan gərginlik ənənəvi ticarət yollarını risk altına saldığı üçün Azərbaycan bu vəziyyətdə səmərəli və təhlükəsiz tranzit qovşağını təmin edən ölkə kimi öz təqdimatını gücləndirməlidir. Bu istiqamətdə gücləndirici amil olaraq da logistik hab (qovşaq) infrastrukturunun və dəhlizlərin süni intellektdən də istifadə etməklə “ağıllı hab”, “ağıllı dəhliz”, “ağıllı liman” konsepsiyalarının reallaşdırılması və genişləndirilməsidir. Qısamüddətli enerji gəlirlərinin bu istiqamətlərə yönləndirilməsi orta və uzunmüddətli dayanıqlı iqtisadi gələcəyə öz töhfəsini verə bilər”, - deyə ekspert qeyd edib.

















