Azərbaycanın regional təhlükəsizlik təşəbbüslərinə verdiyi töhfələr onun artan rolunu aydın şəkildə nümayiş etdirir. Ölkəmizin AQEM-ə sədrliyi çərçivəsində qarşılıqlı etimadın gücləndirilməsi xüsusilə əhəmiyyətlidir. Çünki gender bərabərliyi, sosial inkişaf və qadınların səlahiyyətləndirilməsi artıq seçim deyil, zərurət kimi ön plana çıxır.
1xeber.media xəbər verir ki, bunu “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransın açılış mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O qeyd edib ki, qadınların rəqəmsal iqtisadiyyata, xüsusilə süni intellekt sahəsinə cəlb olunması dayanıqlı inkişaf baxımından mühüm addımlardan biridir. Onların rəqəmsal mühitdə birbaşa iştirakı sosial dayanıqlılığın güclənməsinə töhfə verir.
“Azərbaycanda bu istiqamətdə həyata keçirilən fəaliyyətlər nümunəvi xarakter daşıyır. Qadınların dayanıqlı kənd təsərrüfatında və digər sahələrdə fəallığının artırılması, eyni zamanda, onların liderlik potensialının gücləndirilməsi və tətbiq olunan siyasətlərin səmərəliliyinin yüksəldilməsi xüsusi əhəmiyyət daşıyır. Həmçinin onların regional və beynəlxalq platformalarda fəal iştirakı dialoq üçün daha geniş imkanlar yaradır. Qadınların səlahiyyətləndirilməsini real təcrübəyə və konkret nəticələrə çevirmək əsas hədəflərdən biri olmalıdır. Artıq güclü təşəbbüsləri və həyata keçirilən fəaliyyətləri praktik müstəviyə keçirməyin vaxtıdır”, - deyə komitə sədri vurğulayıb.

















