Aprel ayının 15-i Azərbaycanın görkəmli oftalmoloq alimi, akademik, tibb elminin
inkişafına misilsiz töhfələr bəxş etmiş Zərifə Əliyevanın anım günüdür. 1923-cü ilin aprel
ayının 28-də anadan olmuş elm xadimi çox zəngin və gələcək nəsillərə örnək ömür yolu
keçmişdir. 1985-ci ilin aprel ayının 15-də, ömrünün 62-ci baharında vəfat edən Zərifə
Əliyevanın cismani ayrılığı Azərbaycan tibb ictimaiyyətini, eləcə də bütün xalqımızı dərin
kədərə bürümüşdür. Onun tibb elminə bəxş etdiyi müstəsna nailiyyətləri, zəngin elmi kəşfləri
və nurlu xatirəsi hər zaman dərin ehtiram və minnətdarlıq hissi ilə yad ediləcəkdir.
Zərifə Əliyevanın tibb sahəsində uzun müddətli uğurlu fəaliyyətinə nəzər salsaq görərik
ki, onun Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri müqayisəolunmazdır. O,
istər alim, istərsə də ictimai xadim kimi dövlətinin və xalqının inkişafı naminə məqsədyönlü və
uzaqgörən fəaliyyət göstərib. Çalışdığı tibb sahəsində, xüsusilə oftalmoogiya sahəsində bir
sıra yeniliklərə imza atması ilə xalqının sağlamlığını və təhlükəsizliyini ən başlıca vəzifəsi
olaraq görüb. Xüsusi vurğulamaq lazımdır ki, 1960-cı ildə "Traxomanın digər terapiya üsulları
ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyanı müdafiə edib və bu
sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksəlib. Onun traxoma xəstəliyinin
qarşısını almaq məqsədilə təklif etdiyi müalicə üsulu tez bir zamanda ölkəmizdə tibb elmində
geniş tətbiq edilməyə başlanılır. Bir sözlə, insanların üzləşdiyi bu ağır xəstəlikdən xilası məhz
Zərifə Əliyevanın adı ilə bağlıdır.
1977-ci ildə "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının
vəziyyəti" mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya
mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri
İnstitutunda müdafiə edib və ona Tibb elmləri doktoru elmi dərəcəsi verilir. Görkəmli alimin tibb
elmində apardığı araşdırmalar, bir çox müalicə metodlarının öyrənilməsi və tətbiqi, tibb
sahəsində təhsil alan və işə yenicə başlayan gənclərin yüksəkixtisaslı kadrlar olaraq
hazırlanması da diqqət mərkəzində olub.
Akademik Zərifə Əliyevanın həyat yoluna, tibbi və ictimai fəaliyyətinə nəzər salsaq 62
illik ömrünə əsrlərə bərabər zəngin və müqəddəs missiyaları sığdırdığının şahidi olarıq. Onun
fədakar əməyi təkcə tibb elminə verdiyi töhfələrlə yekunlaşmır. Onun mərhəməti, yüksək
insani keyfiyyətləri, əvəzsiz xeyirxahlıq missiyasından irəli gələrək insanlara etdiyi təmənnasız
yaxşılıqları daim xatırlanır. Zərifə Əliyeva həmişə qadın incəliyini və mərhəmətini qoruyub
saxlaya bilib. Onun parlaq şəxsiyyəti əsl Azərbaycan xanımının keyfiyyətlərini özündə
birləşdirir. Bunlarla yanaşı, Zərifə Əliyeva qayğıkeş ana, sədaqətli həyat yoldaşıdır. O, bütün
həyatı boyu daim ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevin yanında olub, ona dəstək
verib, onunla çiyin-çiyinə birgə addımlayıb. Zərifə Əliyevanın xeyirxahlıq missiyası bu gün də
ölkəmizin Birinci vitse-prezidenti, Birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam
etdirilir. Dövlətimizin və xalqımızın gələcəyi naminə görülən işlər, atılan hər bir müqəddəs
addım Azərbaycan qadınının əsl simasının göstəricisidir.
Ölkəmizin müxtəlif bölgələrində Zərifə Əliyevanın anm günü böyük minnətdarlıq hissi ilə
qeyd edilir. Onun zəngin və çoxşaxəli həyat yolu, fəaliyyəti gələcək nəsillərə çatdırılır. Bu
nümunəvi ömür yolu xaqımıza əvəzsiz miras, gənclərimizi elmə, inkişafa və xeyirxahlığa,
dövlətə sadəqətə səsləyən əsl çağırışlardır.
Aysel Dadaşova,
Sabirabad Rayon Mərkəzi Xəstəxanasında həkim-oftalmoloq

















