Xaricdən idxal olunan süd məhsullarının qiymətlərində artım müşahidə olunması daxili bazarda da müəyyən təsirlərə səbəb olur. Belə ki, idxal xərclərinin yüksəlməsi adətən məhsulların satış qiymətlərinə də öz təsirini göstərir və bu, istehlakçıların ödədiyi məbləğdə artım kimi özünü büruzə verə bilər.
1xeber.media xəbər verir ki,məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Demokrat.az-a bildirib ki, idxal qiymətləri formalaşan kimi bu dəyişikliklər çox qısa müddətdə daxili bazarda satış qiymətlərinə də təsir edir və faktiki olaraq qiymətlərə birbaşa yansıyır:
"Yəni, bazarda müşahidə olunan qiymət dinamikası əsasən idxaldan, həmçinin konkret məhsulun xüsusiyyətlərindən və təklif tələbat balansından asılı olur. Başqa sözlə, idxal qiymətlərində baş verən hər hansı artım və ya azalma gecikmədən satış qiymətlərinə də sirayət edir. Xüsusilə idxaldan yüksək asılılığı olan məhsullar üzrə bu təsir daha sürətli və daha kəskin hiss olunur. Bu zaman təkcə məhsulun maya dəyəri deyil, eyni zamanda logistika xərcləri, gömrük rüsumları, valyuta məzənnəsindəki dəyişikliklər və bazardakı rəqabət mühiti də qiymətlərin formalaşmasında mühüm rol oynayır",- deyə o qeyd edib.
Bazardakı bu bahalaşma dalğası təkcə məhsulun öz qiyməti ilə bağlı deyil. Daşınma xərcləri, gömrük ödənişləri və valyuta bazarındakı dalğalanmalar vahid bir təsir mexanizmi yaradır. İqtisadçı vurğulayır ki, xüsusilə xaricdən asılılığın yüksək olduğu sahələrdə qiymət artımı daha kəskin və qaçılmaz olur.
Qısası, xaricdə süd və süd məhsullarının istehsalı və daşınması bahalaşdıqda, bu, avtomatik olaraq bizim mağazalardakı qiymətlərin də qalxmasına yol açır.
















