Elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədilə əmr imzalayıb.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Əmrə əsasən, WUF13-ün keçiriləcəyi 17-22 may tarixlərində Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində (məktəbəqədər və internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla) tədris və təlim-tərbiyə prosesinin təşkilində bəzi dəyişikliklər ediləcək.
Belə ki, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzrə mayın 18-dən 22-dək tətil (1-5 may tarixləri əvəzinə) müəyyən ediləcək.
Bundan başqa, Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla, Bakı şəhərinin digər rayonlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin V-XI siniflərində dərslər mayın 18-dən 22-dək distant (məsafədən) formada keçiriləcək.
Eyni zamanda Bakı şəhərində yerləşən peşə, orta ixtisas və ali təhsil müəssisələrində də tədrisin mayın 18-dən 22-dək distant (məsafədən) formada təşkili əmrdə qeyd olunur.
Maraqlıdır, bu müddət ərzində şagird və tələbələrə güzəştli internet xidmətləri təklif olacaqmı?
1xeber.media xəbər verir ki,təhsil eksperti Elçin Əfəndi “Cebheinfo.az”-a bildirib ki, bu müddət ərzində tələbələrə hansısa güzəştli internet xidmətlərinin təklifi ilə bağlı hələ dəqiq məlumat yoxdur:
“Düşünürəm ki, bu müddət ərzində şagird və tələbələrin internetdən istifadəsinin təmin olunması məqsədilə hər hansı güzəşt və yaxud da beşgünlük hansısa paketləri operatorlar və ya internet provayderləri təqdim etməlidir”.
Ekspert qeyd edib ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi də bununla məşğul olsa, yaxşı olar.
















