Azərbaycan–Ukrayna münasibətlərinin dərin kökləri var. SSRİ-nin dağılması ilə hər iki
ölkə müstəqillik əldə etdi və yeni geosiyasi şəraitdə münasibətlərini müstəqil şəkildə qurmağa
başladı. Azərbaycan və Ukrayna arasında 1992-ci ildən əsası qoyulan diplomatik əlaqələr bu
gün də uğurla davam etdirilir. Bu onilliklər ərzində prezidentlərin, eləcə də hökumət
başçılarının, parlament sədrlərinin, xarici işlər nazirlərinin və digər hökumət nümayəndələrinin
qarşılıqlı səfərləri münasibətləri yüksək səviyyəyə qaldırıb. Prezident İlham Əliyevin 2022-ci
ilin yanvar ayında Ukraynaya işgüzar səfəri zamanı ayrı-ayrı sahələri əhatə edən mühüm
sənədlər imzalanıb. Bundan başqa, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan
və Ukrayna prezidentlərinin görüşləri keçirilib. Bütün bunlar ölkələrimiz arasında dostluq
xarakteri daşıyan münasibətlərin, uzunmüddətli müttəfiqlik əlaqələrinin olduğunu göstərir.
Hazırda Bakı ilə Kiyev arasında siyasi dialoqun mövcudluğu oxşar problemlərə işarədir.
Demək olar ki, hər iki xalq oxşar talelər yaşayıb. Azərbaycan uzun illər işğalla üz-üzə qalıb və
dünya birliyi bu problemlərə biganə yanaşıb. Nəhayət, Azərbaycan xalqı öz siyasi rəhbəri,
Prezident İlham Əliyevin planı və konsepsiyası əsasında qarşıda duran məsələnin həllinə nail
oldu. Ukrayna da hazırda ağır vəziyyətdədir və biz başa düşürük ki, müharibə şəraitində xalq
hansı çətinlikləri yaşayır. Buna görə də Azərbaycan Ukrayna xalqına humanitar yardımlarını
əsirgəmir, geniş dəstək göstərir.
Aprelin 25-də baş tutan Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycanda
işgüzar səfəri Azərbaycan və Ukrayna arasında mövcud əlaqələrin daha da
genişləndirilməsinə xidmət edəcəkdir. İki ölkə başçısının Azərbaycanın Qəbələ şəhərində
təkbətək və geniş tərkibdə görüşü keçirilib və görüşlər zamanı ölkələrimiz arasındaki əlaqələr
geniş müzakirə olunub. Görüşlərdən sonra keçirilən mətbuata bəyanat zamanı Prezident
İlham Əliyev qeyd edib: “Azərbaycan ilə Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı
olaraq ölkələrin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcək”.
Müharibə zamanı insanların əziyyət çəkməsi qaçılmazdır: dağıntılar, xəstəliklər,
xəsarətlər, psixoloji travmalar baş verir. Xüsusilə uşaqlar bu vəziyyətdən daha çox təsirlənir.
Bu səbəbdən Azərbaycan Ukraynadan olan uşaqların reabilitasiyasına xüsusi diqqət yetirir.
Bu, təkcə Ukrayna xalqına deyil, ümumilikdə beynəlxalq ictimaiyyət qarşısında götürdüyümüz
öhdəliklərin bir hissəsidir. Bu istiqamətdə mühüm işlər görülür və bu məsələ həm də
böyüklərin diqqət mərkəzindədir.
Bu yardımların əhəmiyyətini aprelin 25-də Azərbaycana işgüzar səfərə gələn Ukrayna
Prezidenti Volodimir Zelenski Qəbələ şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə
keçirdiyi görüşlərdən sonra mətbuata bəyanatında xüsusi vurğulayıb. Volodimir Zelenski
Ukraynanın enerji sahəsindəki təchizatına toxunaraq bildirib ki, son illərdəki ağır bir dövrdə
Azərbaycandan 11 yardın paketi alıblar və Azərbaycana bu yardıma görə öz təşəkkürünü
bildirib. Həmçinin Ukraynadan olan uşaqlara köməyə görə Prezident İlham Əliyevə
təşəkkürünü bildirən Volodimir Zelenski deyib: “Siz bizim uşaqlarımıza kömək edirsiniz.
Uşaqlarımız, övladlarımız cəbhəyanı bölgələrdən gəlirlər. Onlar əzab-əziyyətlərlə üzləşiblər,
müharibədən əziyyət çəkiblər. Beş yüzdən artıq ukraynalı uşaq buradadır və bu dəstəyə görə
Sizə minnətdarıq”, – deyə Ukrayna Prezidenti vurğulayıb”.
Azərbaycan özü işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi ilə üz-üzədir və bu
sahədə həm ağrılı təcrübəyə, həm də texniki biliklərə malikdir. ANAMA xətti ilə Ukraynaya
“Revival P” minatəmizləmə texnikasının verilməsi və bu sahədə əməkdaşlığın
genişləndirilməsi Azərbaycanın humanitar diplomatiyasının konkret nəticəsidir.
Çətin vəziyyətlərdə dost ölkələr bir-birinə dəstək olmağa çalışır. Həm Azərbaycanda,
həm də Ukraynada səfirliklər fəaliyyət göstərir. Bununla yanaşı, vətəndaş cəmiyyəti fəalları və
diaspor təşkilatları da aktivdir. Məsələn, Azərbaycanda Ukraynalıların Konqresi, Ukraynada
isə Azərbaycan icması fəaliyyət göstərir. Onlar xalq diplomatiyası səviyyəsində iş aparır, vacib
məsələləri gündəmə gətirir və onların həlli yollarını müəyyənləşdirirlər. Bu da ümumi
münasibətlərə ciddi dəstək verir.
Qeyd edilməlidir ki, iki ölkə arasında iqtisadi və enerji sahəsində əməkdaşlıqlar inkişaf
etməkdədir. Tərəflər arasında birbaşa əlaqə saxlayan təşkilatlar, istehsal və elmi qurumlar
fəaliyyət göstərir. Onlar münasibətləri genişləndirir, yeni texnologiyalar, rəqəmsallaşma və
süni intellekt sahəsində əməkdaşlıq edir. Sovet dövründən Ukraynada böyük elmi-texniki
potensial formalaşıb. Bu əlaqələr bu gün də davam edir, birgə layihələr həyata keçirilir, hətta
ortaq müəssisələr yaradılıb. Bütün bunlar hər iki tərəfə fayda verir. Enerji sahəsi də
əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Müharibə nəticəsində Ukraynanın enerji
infrastrukturu ciddi zərər görüb. Bu səbəbdən Azərbaycan Ukraynaya müxtəlif avadanlıqlar, o
cümlədən generatorlar göndərir ki, insanlar yerli səviyyədə elektrik enerjisi ilə təmin oluna
bilsinlər. Bu, müvəqqəti də olsa, əhalinin ehtiyaclarının ödənilməsinə kömək edir.
Eyvaz Fərzəliyev,
Sabirabad rayon Ağsaqqallar Şurasının sədri
















