Azərbaycan ilə Çexiya arasında münasibətlər son illərdə dinamik inkişaf mərhələsinə
qədəm qoyaraq, qarşılıqlı etimad və strateji tərəfdaşlıq prinsipləri əsasında daha da
möhkəmlənməkdədir. Bu əlaqələr yalnız diplomatik çərçivə ilə məhdudlaşmır, həm də iqtisadi
əməkdaşlıq, enerji təhlükəsizliyi, investisiya mühiti, eləcə də mədəni və humanitar sahələri
əhatə edən geniş spektri özündə birləşdirir.
Bu baxımdan Çexiya Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri ikitərəfli
münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcıdır. Dövlətimizin başçısı cənab İlham
Əliyevin onunla Qəbələdə keçirdiyi təkbətək və geniş tərkibdə görüşü, liderlərin bəyanatları
əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirərək tərəflər arasında əlaqələrin daha da
dərinləşdirilməsinə xidmət edir. Onu da qeyd edim ki, 2015-ci ildə imzalanmış Strateji
Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan ilə Çex Respublikası arasında
münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində mühüm rol oynayıb. Bu sənəd
tərəflər arasında əməkdaşlığın yalnız mövcud səviyyəsini təsdiqləməklə kifayətlənməyib, eyni
zamanda gələcək inkişaf üçün konkret istiqamətləri müəyyən edən mühüm siyasi və hüquqi
çərçivə yaradıb.
Energetika sahəsi Azərbaycan ilə Çexiya arasında münasibətlərin əsas dayaqlarından
biri hesab olunur və qarşılıqlı iqtisadi maraqların təmin edilməsində mühüm rol oynayır.
Azərbaycan zəngin neft və təbii qaz ehtiyatlarına malik olan ölkə kimi uzun illərdir ki,
Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaşlardan sayılır. Bu əməkdaşlıq
xüsusilə enerji resurslarının ixracı və təchizat zəncirlərinin şaxələndirilməsi baxımından böyük
əhəmiyyət daşıyır. Azərbaycan neftinin Çexiyaya ixracı bu ölkənin enerji balansında mühüm
paya sahibdir və sənaye sektorunun dayanıqlı enerji təminatına dəstək verir. Eyni zamanda,
Azərbaycanın Avropa bazarına təbii qaz tədarükü son illərdə əhəmiyyətli dərəcədə genişlənib.
Hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur ki, bunlardan 10-u Avropa İttifaqının üzv
dövlətləridir. Bu fakt Azərbaycanın Avropa enerji sistemində artan rolunu və etibarlı təchizatçı
kimi mövqeyini daha da gücləndirir. Bundan əlavə, Azərbaycanın Çexiyaya yaxın yerləşən
digər Avropa ölkələrinə də qaz ixrac etməsi regionun ümumi enerji təhlükəsizliyinə mühüm
töhfə verir.
Azərbaycanla Çexiya arasında əməkdaşlıq təkcə iqtisadi, enerji təhlükəsizliyi ilə
məhdudlaşmır, eyni zamanda müdafiə sənayesi kimi strateji istiqaməti də əhatə edir.
Bu isə Azərbaycan ilə Çex Respublikası arasında münasibətlərin nə qədər dərin və
çoxşaxəli xarakter daşıdığını aydın şəkildə göstərir. Xüsusilə son illərdə müdafiə sənayesi
sahəsində qarşılıqlı maraq və əməkdaşlıq imkanlarının genişlənməsi diqqət çəkir. Prezident
İlham Əliyev Qəbələdə Andrey Babişlə mətbuata bəyanatında bu məsələyə xüsusi toxunaraq
bildirdi ki, uzun müddət ərzində bu sahədə uğurlu əməkdaşlıq aparılır. Dövlətimizin başçısı
qeyd etdi ki, Azərbaycan Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alır və indiki mərhələdə
birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Cənab Prezident İlham
Əliyevin bu fikirləri iki ölkə arasında müdafiə ahəsində əməkdaşlığın artıq yeni mərhələyə
qədəm qoyduğunu göstərir. Məlumdur ki, Azərbaycan son illərdə müdafiə qabiliyyətinin
gücləndirilməsinə və bu sahədə yerli istehsalın genişləndirilməsinə xüsusi önəm verir. Bu
yanaşma yalnız milli təhlükəsizliyin təmin edilməsində deyil, həm də sənaye və texnologiya
sektorunun inkişafında mühüm rol oynayır. Bu baxımdan, müdafiə sənayesində böyük
təcrübəyə malik olan Çexiya ilə əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır.
Çexiyanın bu sahədə formalaşmış sənaye infrastrukturu, müasir texnoloji imkanları və zəngin
təcrübəsi birgə layihələrin uğurla həyata keçirilməsinə əlverişli şərait yaradır. Hesab edirəm ki,
bu istiqamətdə əldə olunacaq nailiyyətlər tərəfdaşlığın strateji əhəmiyyətini daha da artıracaq
və iki ölkə arasında münasibətlərin gələcək inkişafına mühüm təkan verəcək.
Anar Xəlilov,
RİHB aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi, ərazi-təşkilat
məsələləri sektorunun baş məsləhətçisi

















