Aprelin 27-də Çexiyanın baş naziri Andrey Babiş Azərbaycana səfərə gəlib. Andrey
Babişlə görüşdə Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, “Biz Çexiyadan hərbi təyinatlı
bir çox məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində
danışıqlar gedir”.
Çex Respublikasının baş naziri Andrey Babişin Azərbaycana səfəri və Prezident İlham
Əliyevin birgə istehsalla bağlı açıqlaması Bakı-Praqa xəttində hərbi-texniki əməkdaşlığın yeni
mərhələyə keçə biləcəyini göstərir. Bu əməkdaşlıq təkcə alış-satış deyil, texnologiya transferi
və lokal istehsal baxımından da əhəmiyyətli perspektivlər vəd edir. Çexiyanın müdafiə
sənayesi uzun illərdir postsovet ölkələri üçün cəlbedici olub, çünki həm NATO standartlarını,
həm də sovet platformalarına uyğun modernizasiya həllərini paralel təklif edir. Çexiya hərbi
sənayesi əsasən artilleriya sistemləri, zirehli texnika və sursat istehsalında ixtisaslaşıb.
Məsələn, “Dana” və “Morana” tipli özüyeriyən haubitsalar kifayət qədər məşhurdur. Bundan
başqa Çexiya “Aero Vodochody – L-39NG” kimi təlim və yüngül döyüş təyyarələrinin
istehsalçısıdır.
Çexiya hərbi sənayesi tapança, avtomat və bu kimi atıcı silahlar sahəsində dünya
bazarında tanınır. Eyni zamanda “Tatra Trucks” yüksək keçid qabiliyyətli hərbi yük maşınları
və platformalar istehsal edir. Bu məhsulları istehsal edən şirkətlər həm hazır məhsul ixrac edir,
həm də lokal istehsal və texnologiya paylaşımı modellərinə açıqdır. Bu baxımdan Azərbaycan
üçün əsas əməkdaşlıq istiqamətləri genişdir. Azərbaycan ordusunun arsenalında hələ də
sovet mənşəli texnika müəyyən yer tutur. Çex şirkətləri bu texnikanın modernləşdirilməsi,
elektronika, optika, atəş idarəetmə sistemləri ilə təchizi sahəsində ciddi təcrübəyə malikdir.
Azərbaycan bu təcrübədən yararlana bilər.
Qəbələdə Prezident İlham Əliyevin Çexiyanın Baş naziri Andrey Babişlə görüşlərindən
sonra ölkə başçısı mətbuata bəyanatında söyləyib ki, Çex Respublikasının Baş naziri Andrey
Babişin Azərbaycana səfəri iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir.
Hazırda Azərbaycan Çexiyadan hərbi təyinatlı bir çox məhsullar alır və indiki mərhələdə
birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Bu sahənin də çox
genişmiqyaslı olacağına əminliyini bildirən dövlətimizin başçısı qeyd edib: “Çünki Azərbaycan
öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu
sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm
daşıyır”.
Çexiya artilleriya sistemləri və sursat istehsalında güclüdür. Birgə istehsal layihələri
Azərbaycanın bu sahədə idxaldan asılılığını azalda bilər. Tatra tipli platformalar çətin relyeflər
üçün uyğundur və Azərbaycan ordusunun mobil qabiliyyətini artıra bilər. Prezident İlham
Əliyevin vurğuladığı “birgə istehsal” məsələsi alışdan daha dərin məna daşıyır. Burada
texnologiya transferi, yerli mütəxəssislərin yetişməsi, ixrac potensialı, üçüncü ölkələrə satış
imkanları da nəzərdə tutula bilər.
Çexiya NATO üzvüdür. Azərbaycanın NATO üzvü olan ölkə ilə hərbi-sənaye sahəsində
əməkdaşlığı perspektivdə yeni imkanlar açacaq. Ümumilikdə, Çexiya ilə əməkdaşlıq
Azərbaycanın hərbi arsenalını keyfiyyət baxımından diversifikasiya etmək üçün faydalıdır. Bu,
xüsusilə aşağı və orta texnologiyalı sahələrdə ciddi nəticələr verə bilər. Əgər birgə istehsal
layihələri real sənaye bazasına çevrilərsə, bu, Azərbaycanın müdafiə sənayesində növbəti
mərhələyə keçidi demək olar.
Nurağa Rüstəmov,
RİHB aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi, Müharibə iştirakçıları
və Şəhid ailələri ilə işin təşkili sektorunun böyük məsləhətçisi

















