Qazaxıstanda təhsil sahəsində intizam qaydaları sərtləşdirilir. Müəllimə qarşı hörmətsizliyə görə (86.500 təngə) 320 AZN cərimə nəzərdə tutulub.
Azərbaycanda isə şagirdə qarşı fiziki və ya psixoloji şiddət göstərən müəllimlərin 200 manat cərimələnməsi müzakirə olunur.
İki ölkədə təhsilin əsas aparıcı qolları olan – müəllim və şagirdə olan bu fərqli yanaşma marağa səbəb olub.
1xeber.media xəbər verir ki,mövzu ilə bağlı Tribuna.az-a danışan millət vəkili Fazil Mustafa bildirib ki, əslində Qazaxıstanda tətbiq olunan qayda daha rasionaldır. Onun fikrincə, bizim əsas hədəfimiz müəllimi qorumaqdır:
“Biz ilk növbədə bu peşənin sahibi olan insanların sərbəst şəkildə məktəbdə dərs deməyini təmin etməliyik. Çünki müəllim qorunmayanda, artıq ehtiyyat edəndə hansısa bir şəkildə öyrətmək əvəzinə yola vermə prinsipi ilə hərəkət edir. Bu isə savadsız kütlənin artmasına gətirib çıxarır. Ona görə də bu yalnız orta məktəbə aid deyil, universitetə də aiddir, Ali təhsil ocaqlarına da aiddir.
Çünki öyrətmək istəyəni, öyrədəni sən qorumasan, öyrənmək istəməyən onu istədiyi şəkildə təhqir edə bilər və yaxud sıxışdıra bilər.
Ona görə də məncə müəllimlərin bu formada bir cəza prinsipinə yönləndirmək doğru deyil”.
Deputat müəllimin 200 manat cərimələnməsini tələb edən qanundan da danışıb. O bildirib ki, şagirdə qarşı şiddət birmənalı olaraq olmamalıdır:
“Şagirdə qarşı fiziki şiddət olmamalıdır. Müəllim niyə şagirdə şiddət tətbiq etməlidir?
Müəllimi başqa bir formada qorumaq vacibdir, amma fiziki bir güc tətbiq edən, uşaqlara hər hansı bir şəkildə zorakılıq tətbiq edən, istər valideyn olsun, istər müəllim olsun – bunun müəyyən bir qarşılığı olmalıdır. Çünki uşağın buna dirəniş göstərmə və yaxud da cavab vermək hüququ yoxdur. Qanun ancaq fiziki şiddət zamanı müəllimə cəza müəyyən edir. Başqa hallarda heç bir cərimədən söhbət gedə bilməz. Heç bir qanun müəllimin uşaq üzərindəki təsirini azaltmağa yönəlməyib.
Biz də çalışmalıyıq ki müəllimi qoruyan mexanizmləri də gücləndirək. Çünki bir çox uşağın ev mühitində aldığı tərbiyə bəzən məktəblə uyğunlaşmır və müəllim məcburdur ki, bu tərbiyyənin natamam hissəsini özü tamamlasın, onu ümumi birgə yaşayış qaydalarına uyğunlaşdırsın”.

















