Şanlı tariximizə qızıl hərflərlə yazılmış 28 May – Müstəqillik Günü xalqımız üçün
müqəddəs gün olmaqla yanaşı hər bir Azərbaycan vətəndaşının qürur günüdür. XIX əsrin
əvvəllərində itirilmiş dövlət müstəqilliyini bərpa etmək arzusu ilə yaşayan Azərbaycan xalqı
yüz il sonra tarixi fürsətdən məharətlə yararlandı. 1918-ci ilin mayında müsəlman Şərqində ilk
demokratik respublika qurmaqla Azərbaycan xalqı öz dövlətçilik ənənələrini yenidən bərpa
etdi. Heç şübhəsiz, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın müstəqilliyə
qovuşması baxımından mühüm tarixi hadisə idi.
Məhz, 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə əsarət altında yaşayan,
tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik,
hüquqi, dünyəvi və parlamentli respublikasını yaratmışdır. 1918-ci il mayın 27-də Zaqafqaziya
Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası elan etdi. Bununla da, əslində Azərbaycanın
tarixində parlamentli respublikanın bünövrəsi qoyulmuş oldu. Mayın 28-də Həsən bəy
Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. Tiflisdə keçirilən həmin
iclasda 6 maddədən ibarət İstiqlal Bəyannaməsi (Əqdnamə) qəbul edildi. Milli Şuranın 44
üzvündən 26-sının imzaladığı Dövlət müstəqilliyi haqqında Bəyannamə ilə türk-müsəlman
dünyasında ilk parlamentli respublikanın əsası qoyuldu və Fətəli xan Xoyskinin sədrliyi ilə
müvəqqəti hökumət formalaşdırıldı.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatında yeni bir mərhələnin
başlanğıcı oldu. Məlum olduğu kimi, müstəqilliyin ilk aylarında Azərbaycan hökuməti Gəncədə
yerləşmişdi. Çünki həmin dövrdə ölkənin mərkəzi başda olmaqla, ölkənin bir çox strateji
məntəqələri işğal altında idi. Müstəqilliyin elanından sonra Qafqaz İslam Ordusunun və
Azərbaycan Ordusunun birgə hərbi əməliyyatları sayəsində cəbhəboyu erməni-bolşevik
ordusu darmadağın edildi və 1918-ci il sentyabrın 15-də Bakı daşnak-bolşevik işğalından
azad olundu. İki gün sonra Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü. F.Xoyskinin
müraciətinə əsasən, noyabrın 16-da Milli Şura yenidən fəaliyyətə başladı. Milli Şuranın
noyabrın 19-da keçirilən iclasında Azərbaycan parlamentində ölkədə yaşayan bütün
nümayəndələri təmsil olunması və qanunverici orqanın 120 nəfərdən ibarət olması qərara
alındı.
1918-ci il dekabrın 7-də saat 13-də Hacı Zeynalabdin Tağıyevin Qızlar məktəbinin
binasında Azərbaycan parlamentinin təntənəli açılışı oldu. Bütün müsəlman Şərqində
demokratik prinsiplər əsasında formalaşdırılmış ilk parlamentin sədri o dövrdə bütün Rusiya
müsəlmanlarının lideri hesab olunan Əlimərdan bəy Topçubaşov seçildi.
Sözsüz ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə dövlətçilik tariximizdə yeni
səhifə açıldı. Cümhuriyyət hökuməti və parlamenti mövcud olduqları müddətdə fəaliyyətlərini
daha çox sosial-iqtisadi və maliyyə problemlərinin həllinə, ölkənin ərazi bütövlüyünü təmin
etməyə, vətəndaşların hüquqlarını qorumağa, dövlətin demokratik və hüquqi əsaslarını
möhkəmləndirməyə, Cümhuriyyətin dünya dövlətləri tərəfindən tanınmasına nail olmağa,
xarici ölkələrlə siyasi, iqtisadi və ticarət əlaqələri yaratmağa yönəltmişdi.
Buna baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başlıca məqsədi onun
müstəqilliyinin tanınmasına nail olmaqdan ibarət idi. Ə.M.Topçubaşovun rəhbərlik etdiyi
Parisdəki Azərbaycan nümayəndə heyəti bu məqsədlə çoxtərəfli görüşlər keçirdi. Nəhayət,
1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi de-fakto tanındı.
Bu əlamətdar hadisə ilə bağlı yanvarın 14-də bütün Azərbaycan ərazisində bayram şənlikləri
və Azərbaycan parlamentinin xüsusi iclası keçirildi. Ə.M.Topçubaşov parlamentin
süqutunadək Azərbaycana qayıda bilməsə də, qiyabi olaraq axıradək parlamentin sədri
vəzifəsini daşıdı.
1920-ci il aprelin 8-də keçirilən parlament iclasında Azərbaycan Xalq Cümhuriyyətinin
Qərbi Avropa dövlətləri və Amerikada diplomatik nümayəndəliklərinin təsis edilməsi haqqında
qanun layihəsi müzakirə olundu. Böyük Britaniya, Fransa, İtaliya, ABŞ, İsveçrə, Polşa,
Latviya, Litva, Estoniya, Finlandiya, Ukrayna, Rumıniya, Almaniya və Rusiyada diplomatik
nümayəndəliklərin açılması haqqında qanun qəbul edildi. Həmin dövrdə Bakıda 20-dən çox
ölkənin diplomatik missiyaları fəaliyyət göstərirdi.
Lakin həmin vaxt Rusiya qoşunları Azərbaycanın şimal sərhədlərində cəmləşmiş, xarici
təhlükə ilə yanaşı, aprel ayının əvvəllərindən başlanan hökumət böhranı Azərbaycanda siyasi
vəziyyətin daha da gərginləşməsinə səbəb olmuşdu. Buna görə də Azərbaycan parlamenti
1920-ci il aprelin 27-də keçirilən sonuncu iclasında Rusiyanın hərbi müdaxiləsi nəticəsində
fakt qarşısında qalaraq hakimiyyətin bolşeviklərə təhvil verilməsi barədə qərar çıxardı. 28
aprel 1920-ci ildə süqut etsə də, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı
tarixində dərin iz buraxdı.
Sevindirici haldır ki, XX əsrin sonunda Azərbaycan yenidən öz dövlət müstəqilliyini
bərpa etdi. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi
haqqında” Konstitusiya Aktı qəbul olundu. Konstitusiya aktında 1918-ci il 28 may tarixli İstiqlal
Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında”
Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad
olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit
edilib. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda Azərbaycan xalqı ölkənin
müstəqilliyinə və suverenliyinə səs verərək, bir daha müstəqillik ideyalarına sadiqliyini
göstərib.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra xalqın milli
müstəqillik ideyalarının reallaşdırılması istiqamətində məqsədyönlü addımlar atılıb,
Azərbaycanın dövlətçilik ənənələri bərpa edilib.
Lakin 1991-1994-cü illərdə Ermənistan havadarlarının hərbi-siyasi dəstəyi ilə
Azərbaycan ərazisinin 20 faizini işğal etməsi ölkənin əsas problemi olaraq qalırdı. Nəhayət,
2020-ci il sentyabrın 27-də başlanan və 44 gün sürən İkinci Qarabağ müharibəsi nəticəsində
torpaqlarımız işğaldan azad edildi, işğalçı Ermənistan kapitulyasiya aktını imzalamağa
məcbur oldu. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan Respublikası
ərazi bütövlüyünü bərpa edərək dünyaya öz qüdrətini göstərdi.
Bu baxımdan, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli müstəqilliyin əldə edilməsi
və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə
olunması zərurəti meydana çıxdı. Ona görə də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev 15 oktyabr 2021-ci ildə “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının
Qanunu”nu imzalayıb. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I
hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi 1918-ci il mayın 28-
də İstiqlal Bəyannaməsi ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin elan olunduğu,
1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında”
Konstitusiya Aktı ilə dövlət müstəqilliyimizin bərpa olunduğu nəzərə alınaraq mayın 28-i
Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olunub.
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olmasına baxmayaraq,
milli dövlətçilik tariximizdə silinməz izlər qoymaqla, sübut etdi ki, Azərbaycan xalqı müstəqil
yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə və yaşatmağa qadirdir.
Müstəqilliyə 107 il əvvəl qovuşmuş Azərbaycan Respublikası bu gün dünyanın inkişaf
etmiş dövlətlərindəndir. Bunu Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərlik
etdiyi, bu günki Müstəqil Azərbaycan Respublikasının beynəlxalq nüfuzu, gücü və qüdrəti
təsdiq edir.
Firəngiz Cəfərova,
Sabirabad rayonu Nizami kənd uşaq bağçasının müdiri
















