Peyvəndləmədən sonra immun fonun müəyyənləşdirilməsi və xüsusi təhlükəli xəstəliklər üzrə epizootoloji vəziyyətin öyrənilməsi məqsədilə iri və xırdabuynuzlu heyvanlar arasında monitorinq həyata keçiriləcək.
Bu barədə 1xeber.media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, iyunun 10–30-da keçiriləcək monitorinq çərçivəsində xüsusi təhlükəli xəstəliklərə həssas heyvanlar üzərində klinik müşahidələr aparılaraq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək, təsərrüfatlara ümumi baxış və maarifləndirmə tədbirləri aparılacaq. Eyni zamanda, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.
Monitorinq respublikanın 64 rayonunu (şəhərini) əhatə edən 258 yaşayış məntəqəsində fərdi və fermer təsərrüfatlarında təşkil olunacaq. Ümumilikdə hər heyvan növü üzrə 1548 baş olmaqla, 6–12 və 12–24 aylıq yaş qruplarına aid, xüsusi təhlükəli xəstəliklərə qarşı peyvənd edilmiş heyvanların müayinəsi nəzərdə tutulur.

















