Bakı Mühəndislik Universitetində (BMU) Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbər heyəti ilə görüş keçirilib.
1xeber.media xəbər verir ki, grüşdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı”nın icrası nəticəsində əldə olunmuş nailiyyətləri və ali təhsil sahəsinə verdiyi strateji töhfələri vurğulayıb. Prezidentin müvafiq Sərəncamı ilə Dövlət Proqramının müddətinin 2030-cu ilədək uzadılmasını önə çəkən rektor bunu proqramın icrası nəticəsində əldə olunmuş əhəmiyyətli göstəricilərin və müəyyən edilmiş hədəflərin yüksək səviyyədə qiymətləndirilməsinin təzahürü kimi dəyərləndirib. Yaqub Piriyev proqram çərçivəsində BMU ilə Cənubi Koreyanın İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramına yüksək bal toplayan tələbələrin qəbulundan, əldə olunan uğurlu nəticələrdən, həmçinin qarşıda həllini gözləyən bir sıra məsələlərdən geniş bəhs edib. Eyni zamanda ötən ay layihənin ikinci mərhələsi üzrə əməkdaşlığın davam etdirilməsinə dair yeni müqavilənin imzalandığını bildirən rektor qarşıda duran əsas istiqamət və öhdəlikləri nəzərə çatdırıb.
Sonra çıxış edən Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramının ölkənin ali təhsil məkanında mühüm transformasiyalara yol açdığını bildirib. O qeyd edib ki, proqram çərçivəsində həyata keçirilən ikili diplom layihələri beynəlxalq təcrübənin yerli ali təhsil müəssisələrinə inteqrasiyasına, müasir və əmək bazarının tələblərinə uyğun kadr hazırlığının gücləndirilməsinə mühüm töhfə verir. Qədir Xəlilov BMU-İNHA İDP-ni Dövlət Proqramının ən uğurlu layihələrindən biri kimi qiymətləndirərək, proqramın icrası müddətində əldə olunan nəticələrin yüksək effektivliyini vurğulayıb.
Görüşdə BMU-İNHA İDP-nin mövcud vəziyyəti, gələcək inkişaf perspektivləri, eləcə də proqramın növbəti mərhələsinin həyata keçirilməsi ilə bağlı prioritet istiqamətlər ətrafında geniş müzakirələr aparılıb. Müzakirələr zamanı, habelə son illərdə BMU-da yaradılmış müasir laboratoriyaların, güclü maddi-texniki bazanın İDP çərçivəsində həyata keçirilən tədris prosesinin də keyfiyyətinin yüksəldilməsinə və yüksəkixtisaslı kadr hazırlığının təmin edilməsinə əlverişli şərait yaratdığı vurğulanıb.




















