Azərbaycanda bankların təqdim etdiyi SMS xəbərdarlığı xidmətləri uzun müddətdir ki, müştərilər arasında müzakirə mövzusudur. Xüsusilə bu xidmətə görə əlavə ödənişlərin alınması bir çox vətəndaşın narazılığına səbəb olur.
1xeber.media xəbər verir ki, əvvəllər Azərbaycan Beynəlxalq Bankı tərəfindən təqdim olunan SMS xəbərdarlığı xidmətinin ödənişi 1 manat təşkil edib. Sonradan bu məbləğ 3 manata qaldırılıb.
Məlumata görə, bank hazırda həmin xidmət üzrə ödənişi daha da artıraraq 5 manat müəyyən edib.
Müştərilərin narazılığına səbəb olan əsas məqamlardan biri isə qiymət dəyişiklikləri barədə əvvəlcədən geniş məlumatlandırmanın aparılmamasıdır. Bir sıra istifadəçilər bildirirlər ki, xidmət haqqının artırılması barədə əvvəlcədən xəbərdar edilmədən hesablarından vəsait tutulur və onlar bunu yalnız əməliyyat həyata keçirildikdən sonra öyrənirlər.
Vətəndaşlar hesab edirlər ki, banklar xidmət haqlarında edilən dəyişikliklər barədə müştərilərə əvvəlcədən SMS, mobil tətbiq və ya digər rəsmi kommunikasiya vasitələri ilə məlumat verməlidirlər. Onların fikrincə, bu cür yanaşma şəffaflığın artırılmasına və müştəri məmnuniyyətinin qorunmasına xidmət edə bilər.
















