Ötən həftə sonu Bakının Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Ramana yolunda baş vermiş və 75 yaşlı qadının ölümü ilə nəticələnən avtobus qəzası təkcə bir yol-nəqliyyat hadisəsi deyil. Hadisənin detalları, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqlamaları və marşrutların fəaliyyəti ilə bağlı ortaya çıxan faktlar bir sıra ciddi suallar yaradır.
1xeber.media bildirir ki, iyunun 20-də baş vermiş hadisə zamanı 214 nömrəli marşrut xətti üzrə hərəkət edən, “Ayşən LTD” MMC-nin (?) guya müvəqqəti istismarında olan avtobus 214A marşrutundan düşən sərnişini vuraraq ölümünə səbəb olub.
Hadisənin videogörüntüləri göstərir ki, yaşlı qadın 214 A saylı avtobusdan düşdükdən sonra arxadan gələn 214 saylı avtobusun altında qalır. Daha sonra nəqliyyat vasitəsi onun üzərindən keçib gedir.
Bu hadisə haqqında heç nə demirm? Eyni istiqamətdə hərəkət edən avtobuslar niyə eyni vaxtda dayanacaqda olublar?
Qəzanın ən diqqətçəkən məqamlarından biri hadisə zamanı 214 və 214A nömrəli marşrutların eyni anda dayanacaqda olmasıdır.
Qısa xatırtlatma... AYNA-nın fevral ayında yaydığı rəsmi məlumata görə, 214A marşrutu sərnişin tələbatı nəzərə alınaraq xəttə buraxılıb və avtobusların hərəkət intervalı 13-15 dəqiqə müəyyənləşdirilib.
Əgər marşrutlar müəyyən edilmiş intervalla fəaliyyət göstərirdisə, o zaman aşağıdakı suallara AYNA rəhbərliyi cavab verməlidir. Eyni istiqamətdə hərəkət edən 214 və 214A avtobusları necə olub ki, eyni vaxtda eyni dayanacağa gəlib çatıb? Daşıyıcı şirkətlər arasında interval nəzarəti necə həyata keçirilir? Sürücülər sərnişin uğrunda bir-birilərinin intervalına müdaxilə ediblər və hadisə də məhz bu səbəbdən baş verib?
Məlumata görə, sürücüləri arasında "dayanacağa birinci çatmaq" uğrunda rəqabətin mövcuddur və bu da hadisəni qaçılmaz edib.
AYNA-nın açıqlamalarında böyük ziddiyyət... Diqqət etməli daha bir məqam!
Qəza ilə bağlı yayılmış açıqlamada AYNA bildirir: "Sözügedən marşrutda mütəmadi olaraq sərnişindaşıma norma və qaydalarının pozulması halları baş verdiyindən marşrut xətti müsabiqəyə çıxarılmışdır. Artıq AYNA tərəfindən keçirilən müsabiqə nəticəsində 214 və 214A nömrəli marşrutlar üzrə yeni daşıyıcı müəyyən edilib. Yaxın günlərdə yeni daşıyıcı xətlərin istismarını həyata keçirəcək".
Bu açıqlama tamamilə yalan və AYNA-nın bütün cəmiyyəti aldatmasına hesablanmış addımı deyilmi?
Çünki AYNA-nın 17 iyun 2026-cı il tarixli rəsmi məlumatında artıq 214 və 214A marşrutları üzrə müsabiqənin başa çatdığı və qalib daşıyıcının müəyyənləşdirildiyi elan olunub.
"Cəmşid Naxçıvanski küçəsini Ramana qəsəbəsinin “Şuşa şəhərciyi” yaşayış massivi ilə əlaqələndirən 214 nömrəli və Ramana qəsəbəsinin Fərrux Qayıbov küçəsini "Koroğlu" NMM-lə əlaqələndirən 214A nömrəli şəhərətrafı avtobus marşrutları üzrə hüquqi şəxs "Çinar-Trans" MMC;"
Belə olan halda başqa suala nə ehtiyac var? AYNA-nın 2 gün əvvəl qalib elan etdiyi "Çinar-Trans" MMC-nin avtobusu 75 yaşlı günahsız nənəni elə dayanacaqda vurub öldürür. O nənəni avtobus öldürmədi, AYNA rəhbəri Anar Rzayevin naşı idarəçiliyi öldürdü... Üstəlik AYNA rəhbərliyi bu qəzanı ört-basdır etməyə çalışması isə biabrıçılıqdan başqa bir şey deyil...
Əgər müsabiqə artıq yekunlaşıb və qalib elan edilibsə, qəza baş verdikdən sonra niyə "yaxın günlərdə yeni daşıyıcının fəaliyyətə başlayacağı" vurğulanır?
Bu, əvvəlcədən məlum olan qərarın yenidən təqdim edilməsi və özünümüdafiə cəhdidir.
Fevralda problem bilinirdisə, niyə qarşısı alınmayıb?
AYNA-nın öz açıqlamalarından görünür ki, qurum fevral ayında bu istiqamətdə sərnişin tələbatını araşdırıb və nəticədə əlavə 214A marşrutunu istifadəyə verib. Deməli, marşrutun fəaliyyəti, narazılıq, sərnişin axını və əməliyyat vəziyyəti AYNA-nın nəzarətində olub. Digər tərəfdən isə AYNA bildirir ki, marşrutda "mütəmadi olaraq norma və qaydaların pozulması halları" qeydə alınıb. Əgər bu pozuntular mütəmadi xarakter daşıyırdısa, nədən yenə 214 saylı xətt eyni şirkətə verilib?
AYNA rəhbəri Anar Rzayevin fəaliyyəti ciddi şəkildə araşdırılmalıdır, əks halda belə hadisələrin daha çox şahidi olacağıq.
Bizimesr.com
















