Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
1xeber.media xəbər verir ki,görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Binəqədi şosesində yerüstü keçiddə eskalatorun təmir edilməsi, Dəmiryol küçəsində asfalt yolunda yaranmış çalaların və lyukların sınmış qapaqlarının bərpa edilməsi, R.Aboyev adına parkın giriş hissələrinə piyada keçid zolaqlarının çəkilməsi, Ə.Məmmədov küçəsinin yağış suları nəticəsində asfalt örtüyünün bir hissəsinin yararsız vəziyyətə düşməsi, Baksol yolunda alaq otlarının təmizlənməsi, 143 saylı məktəbin qarşısı və Hacıbababəyov küçəsində yağış yağan zaman yaranan kanalizasiya borularının yuyulması, Zəngəzur küçəsində ADSEA tərəfindən aparılan qazıntı işlərindən sonra asfalt örtüyünün vurulması ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.




















