Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu gün imzaladığı sərəncamla Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəis köməkçisi, polkovnik Azər Əfrayıl oğlu Heybətliyə "general-mayor" ali hərbi rütbəsi verilib. Sərəncam 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə imzalanıb.
1xeber.media xəbər verir ki,yeni rütbə alan general-mayor Azər Heybətli Azərbaycan Ordusunun kadr siyasətinin formalaşmasında mühüm rol oynayan hərbçilərdən biridir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (indiki Heydər Əliyev adına Hərbi İnstitut) məzunu olan A.Heybətli ordu sıralarında xidmətə taqım və bölük komandiri kimi aşağı eşelonlardan başlayıb. O, xidmət illəri ərzində müxtəlif komanda-qərargah vəzifələrini uğurla icra edib.
Yüksək hazırlıqlı kadr kimi tanınan Azər Heybətli hərbi diplomatiya sahəsində də zəngin təcrübəyə malikdir. Belə ki, o, bir müddət Azərbaycan Respublikasının Böyük Britaniyadakı hərbi attaşesi vəzifəsində ölkəmizi xaricdə layiqincə təmsil edib.
Hazırda Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəis köməkçisi olan general-mayor Azər Heybətli, həmçinin bu mühüm baş idarənin rəisi vəzifəsini müvəqqəti olaraq icra edir.
















