Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 3-də media nümayəndələri üçün qabiliyyət imtahanlarını müşahidə etmək məqsədilə infotur təşkil edib.
1xeber.media xəbər verir ki, jurnalistlər əvvəlcə Tofiq Bəhramov adına Respublika Stadionunda idman istiqaməti üzrə, daha sonra isə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində musiqi sənəti istiqaməti üzrə keçirilən qabiliyyət imtahanlarının gedişini izləyiblər. Tədbirdə media nümayəndələrinə qabiliyyət imtahanlarının təşkili, keçirilmə qaydaları və qiymətləndirmə meyarları barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, qabiliyyət imtahanları DİM tərəfindən mərkəzləşdirilmiş qaydada təşkil edilir. İmtahanlar təsviri sənət, musiqi sənəti, memarlıq, teatr, kino və xoreoqrafiya sənəti, idman və jurnalistika istiqamətləri üzrə keçirilir. Hər bir komissiya üzrə müsabiqə şərtləri, proqramlar, qiymətləndirmə meyarları, hazırlıq tövsiyələri, tapşırıq nümunələri və digər zəruri materiallar “Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc olunub.
Bildirilib ki, bu il qabiliyyət imtahanlarının təşkili üçün 100-dən artıq Qabiliyyət İmtahanı Komissiyası fəaliyyət göstərir. Komissiyaların tərkibinə müvafiq dövlət qurumlarının, ali və orta ixtisas təhsili müəssisələrinin mütəxəssisləri, yaradıcılıq ittifaqlarının nümayəndələri və DİM əməkdaşları daxildir.
Bu il ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün təxminən 24 min, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə 3400-ə yaxın, ümumi orta təhsil bazasında isə 2 min nəfər olmaqla, ümumilikdə 30 minə yaxın abituriyent və subbakalavr qeydiyyatdan keçib. İmtahanlara iyunun 22-də start verilib və onların avqustun ortalarınadək davam etməsi nəzərdə tutulur.
İdman istiqaməti üzrə qabiliyyət imtahanları hazırda Bakıda Azərbaycan İdman Akademiyasında və Tofiq Bəhramov adına Respublika Stadionunda, regionlarda isə Tovuz, İsmayıllı və Şərur Olimpiya İdman komplekslərində keçirilir. Məşqçilik ixtisası üzrə xüsusi qabiliyyət imtahanları Gənclər və İdman Nazirliyinin müəyyən etdiyi idman obyektlərində təşkil olunur. Bu istiqamətdə 14 minə yaxın abituriyent qeydiyyatdan keçib. İmtahanlarda DİM və Gənclər və İdman Nazirliyinin nümayəndələri, idman federasiyalarının ekspertləri, eləcə də “İdman könüllüləri və azarkeşləri” İctimai Birliyinin könüllüləri iştirak edirlər.
Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarına iyulun 1-də başlanılıb. Bu istiqamətdə 25 komissiya üzrə 2314 nəfərin imtahan verməsi nəzərdə tutulur.
İyulun 3-də Bülbül adına Orta İxtisas Musiqi Məktəbində instrumental ifaçılıq və xanəndəlik komissiyaları üzrə imtahanlar təşkil olunub. Abituriyentlər ixtisas imtahanında müvafiq proqramı ifa edir, ifaçılıq qabiliyyəti və səhnə mədəniyyətini nümayiş etdirirlər. İxtisas imtahanından sonra onlar nəzəriyyə imtahanında da iştirak edirlər. Musiqi istiqaməti üzrə imtahanlar Bakı ilə yanaşı, Gəncə, Şəki, Lənkəran, Bərdə və Naxçıvanda keçiriləcək.
Təsviri sənət istiqaməti üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün 11 min 554 nəfər qeydiyyatdan keçib. Bu istiqamət üzrə 12 komissiya fəaliyyət göstərir. İyunun 22-dən başlanan imtahanlarda indiyədək 5 mindən çox iştirakçı qiymətləndirilib. İmtahanlar Bakı ilə yanaşı, Gəncə, Lənkəran və Naxçıvanda da keçirilir.
Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti üzrə imtahanlara da iyunun 22-də start verilib. Bu istiqamətdə fəaliyyət göstərən 18 komissiya üzrə 1450 nəfərin imtahan verməsi planlaşdırılır. İmtahanlar Bakı və Naxçıvan şəhərlərində təşkil olunur.
Bildirilib ki, ali təhsilin bakalavriat səviyyəsi üzrə memarlıq, jurnalistika və islamşünaslıq ixtisasları üzrə qabiliyyət imtahanlarına qeydiyyat müvafiq ixtisas qrupları üzrə ikinci cəhd qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra aparılacaq.
















