Yay mövsümünün gəlişi ilə bazarlarda mövsümi meyvələrin bolluğu artsa da, ərik, gilas və alçanın qiymətində gözlənilən ucuzlaşma hələ müşahidə olunmur. Ötən illərdə məhsul bolluğu ilə paralel olaraq bu meyvələrin qiymətində mərhələli enmə baş versə də, bu il bazarlarda fərqli mənzərə hökm sürür. Hazırda həm paytaxt, həm də bölgə bazarlarında ərik, gilas və alça yüksək qiymətlə təklif olunur ki, bu da alıcıların narahatlığını artırır. Bir çox vətəndaş qiymətlərin niyə düşmədiyini və yay aylarının davamında ucuzlaşmanın olub-olmayacağını maraqla izləyir.
Bu barədə 1xəbər.media-ya danışan iqtisadçı İlqar Hüseynli bildirib ki, aqrar sektorda ciddi problemlər mövcuddur:
“Bu problemlər həm taxılçılıqda, həm də bağçılıqda özünü açıq şəkildə göstərir. Əslində, müxtəlif bölgələrdə bunun real nümunələrini görürük. Məsələn, Naxçıvanda, xüsusilə Ordubadda tonlarla ərik bazar tapılmadığı üçün satılmadan qalır. Xaçmazda da oxşar vəziyyət yaşanır tonlarla gilas bazar problemi səbəbindən çöllərə tökülərək məhv edilir. Bu isə göstərir ki, əsas problemlərdən biri məhsulun bazara çıxış imkanlarının məhdud olmasıdır. Əgər kənddən şəhərə birbaşa satış kanalları yaradılsa, meyvə-tərəvəz məhsulları vasitəçilər olmadan Bakıdakı marketlərə və satış məntəqələrinə çatdırılsa, qiymətlərdə nəzərəçarpacaq enmə müşahidə oluna bilər. Bu halda həm istehlakçı daha münasib qiymətə məhsul alar, həm də kəndli məhsulunu itirməz. Lakin məsələ ondadır ki, “Meyvəli bazarı” adlanan mərkəz faktiki olaraq Bakıya daxil olan meyvə-tərəvəz axınına nəzarət edir. Şəhərə gələn məhsullar əvvəlcə həmin mərkəzə daxil olur, qiymətlər orada formalaşdırılır və daha sonra satış nöqtələrinə paylanır. Bu isə ciddi inhisarçılıq mühiti yaradır. Əgər bu mexanizm aradan qalxsa və məhsullar birbaşa kənddən şəhərə çatdırılsa, qiymətlərin müəyyən qədər aşağı düşməsini müşahidə etmək mümkün olar”.
O əlavə edib ki, kəndlinin xərcləri də kifayət qədər artıb:
“Meyvə-tərəvəz yetişdirmək əvvəlki illərlə müqayisədə daha baha başa gəlir. Bağlara müntəzəm qulluq, zərərvericilərə qarşı bir neçə dəfə dərmanlama, aqronom xidmətləri, məhsulun yığılması və qablaşdırılması ciddi maliyyə tələb edir. Nəticədə kəndlinin yetişdirdiyi məhsulun maya dəyəri kifayət qədər yüksəlir. Bütün bunların üzərinə “Meyvəli bazarı”ndakı inhisarçılığı da əlavə etdikdə, qiymətlərlə bağlı dəqiq proqnoz vermək çətinləşir. Paradoks ondadır ki, tonlarla məhsul çöllərə atılır, amma həmin məhsul birbaşa şəhərin satış mərkəzlərinə çatdırıla bilmir. Halbuki məhsul bazara sərbəst çıxarılsa, əhali onu qısa müddətdə daha ucuz qiymətə ala bilər. Məsələn, gilasın qiyməti 1 manat 50 qəpik səviyyəsinə qədər enə bilərdi. “Meyvəli bazarı” isə məhdud həcmdə məhsul qəbul edir. Məhsul az qəbul olunduğuna görə bazarda təklif də azalır və qiymətləri istənilən səviyyədə saxlamaq mümkün olur. Nəticədə kəndlinin satılmayan məhsulu bağlarda, həyət-bacalarda məhv olur. Əvvəllər bağçılıq məhsulları əsasən Rusiya bazarı nəzərə alınaraq yetişdirilirdi. Alça, gilas, ərik və digər məhsullar üçün əsas ixrac istiqamətlərindən biri məhz Rusiya idi. Lakin hazırda Rusiya ilə ticarət imkanları əvvəlki qədər əlverişli deyil. Logistika, daşınma xərcləri, yol riskləri və təhlükəsizlik məsələləri bu sahədə ciddi maneələr yaradır. Bu səbəbdən Rusiya bazarına hesablanmış məhsulların da əhəmiyyətli hissəsi fermerlərin əlində qalır”.
Aysel Timur
1xəbər.media
















