"Milli Məclisin plenar iclasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna təklif edilən dəyişikliklər birinci oxunuşda müzakirə edilərək qəbul olunub. Yeni dəyişikliklər beynəlxalq praktikaya əsaslanmaqla bir sıra mütərəqqi müddəaların qanunvericiliyə gətirilməsini təmin edəcək".
1xeber.media xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, könüllü kimi fəaliyyət göstərən tələbə və şagirdlərə də sığorta ödəniləcək.
"Hazırda qüvvədə olan qanuna əsasən, könüllü fəaliyyətin iştirakçısı olan könüllülərin istehsalatda bədbəxt hadisələrdən icbari sığortalanması nəzərdə tutulsa da, onlara münasibətdə sığorta haqqının ödənilməsi mexanizmi müəyyən edilməmişdir. Belə ki, xüsusən də tələbələr təcrübə keçən zaman sığorta hadisəsi baş verdiyi halda onlara sığortanın ödənilməsi mümkün olmur. Bu baxımdan qanunvericilikdə yeni dəyişikliklərə ehtiyac var idi. Qanuna əlavə edilməsi təklif olunan dəyişikliklər könüllülərə sığorta haqqı onlarla bağlanmış müqavilənin qüvvəyə mindiyi, istehsalat təcrübəsi keçən tələbə və şagirdlərə isə istehsalat təcrübəsinin başladığı tarixdən 15 iş günü müddətində ödəniləcək. Beləliklə, dəyişikliklər qəbul olunandan sonra sığorta hadisəsi baş verdikdə könüllülərə də ödəniş həyata keçiriləcək. Digər mühüm dəyişiklik sığorta hadisəsi zamanı əlillik dərəcəsi deyil, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin nəzərə alınmasıdır. Belə ki, mövcud qaydalara əsasən, orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Amma bir sıra hallarda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində orqanizmin funksiyalarının 30 faizədək pozulması halları baş verirdi və əlillik dərəcəsi ala bilmədiyi üçün həmin vətəndaşlarımıza sığorta ödənişi edilmirdi. Nəticədə, həmin vətəndaşlarımız sığorta ödənişindən faydalana bilmirdi.
Hazırda qüvvədə olan qanuna əsasən, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi sığorta olunanın sığorta hadisəsi baş verənədək malik olduğu peşə əmək qabiliyyətinin davamlı itirilməsinin faizlə ifadəsidir. Bu baxımdan dəyişikliyə əsasən sığorta hadisəsinə görə sığorta ödənişinin verilməsinin vahid meyar üzrə dəyərləndirilməsi məqsədilə birdəfəlik sığorta ödənişinin də sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın əlilliyinin müəyyən edilməsi ilə deyil, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi ilə əlaqələndiriləcək. Yəni, birdəfəlik sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərərçəkmiş sığortaolunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildikdə həyata keçiriləcək. Peşə əmək qabiliyyətinin itirilməsi özündə eyni zamanda əlilliyin müəyyən edilməsi, yəni, orqanizm funksiyalarının itirilməsini də ehtiva edir. Göründüyü kimi, qanuna təklif edilən dəyişikliklər sığortaya əlçatanlığı artırmaqla yanaşı əhatə dairəsinin də genişlənməsinə səbəb olacaq".
















