1xeber.media-ya daxil olan eksklüziv məlumata görə, Quba-Xaçmaz Regional Təhsil İdarəsində (RTİ) böyük çaxnaşma yaşanır. Son günlər ölkə mediasının gündəmini zəbt edən sertifikasiya prosesindəki çoxsaylı qanun pozuntuları, xüsusilə bir neçə müəllimin maddi maraqlar müqabilində imtahandan qəsdən keçirilməsi faktı idarəni qarışdırıb.Mənbənin bildirdiyinə görə, Elm və Təhsil Nazirliyinin birbaşa tapşırığı ilə İdarənin İnzibati-təşkilat sektorunun müdiri Fikrət Heybətov dərhal vəzifəsindən qovulub. Nazirlik onun yerinə Quba Liseyinin direktoru Kamran Əliyevi təyin edib. Bu təyinatın Quba-Xaçmaz RTİ-nin müdiri Coşqun Əliyevin iradəsinə zidd olaraq gerçəkləşməsi xüsusi maraq doğurub və nazirliyin regional müdirə etimadını tam itirdiyi kimi qiymətləndirilir.
Nazirliyin Daxili Nəzarət Şöbəsi işə qarışdı
Hazırda nazirliyin Daxili Nəzarət Şöbəsi qeyri-qanuni yollarla imtahandan keçirilən digər şəxsləri üzə çıxarmaq üçün genişmiqyaslı araşdırmalara başlayıb. Prosesdə digər rayon sektor müdirlərinin və idarə əməkdaşlarının da adları hallanır. Əsas suallardan biri isə budur: Regional idarənin müdiri Coşqun Əliyev bu korrupsiya şəbəkəsindən necə xəbərsiz olub? Əgər xəbəri olubsa, bu hansı idarəçilikdir?
Məlumata görə, C.Əliyev hadisə bəlli olduqdan sonra özünün ən yaxın kadrı sayılan Fikrət Heybətovu qorumağa çalışıb, ilkin mərhələdə yalnız sürücünü işdən çıxarıb. Lakin nazirliyin qəti və sərt müdaxiləsindən sonra F.Heybətovu uzaqlaşdırmaq məcburiyyətində qalıb. Şəbəkənin digər fəal üzvü olduğu iddia edilən Ruslan Rzayev isə hadisələrdən sonra ortalıqdan qeyb olub.
Siyəzən sektorunun müdiri izahat verir, sənədlər prokurorluğa gedir
Hadisələrin coğrafiyası getdikcə genişlənir. İdarə müdirinə ən yaxın şəxslərdən biri olan Siyəzən Təhsil sektorunun müdiri Elşad Sultanov da araşdırmaya cəlb edilib və artıq izahatı alınıb. E.Sultanovun yaranmış vəziyyətdən sonra təcili olaraq məzuniyyət ərizəsi yazdığı bildirilir.
Təhsil naziri Emin Əmrullayevin bu şəbəkənin tam ifşası üçün Daxili Nəzarət Şöbəsinə çox ciddi və qəti tapşırıq verdiyi vurğulanır. Nazirin bu məsələdə heç bir güzəştə getməyəcəyi və toplanmış cinayət tərkibli sənədlərin yaxın günlərdə Baş Prokurorluğa təqdim ediləcəyi gözlənilir.
Hadisələrin gedişatını və rəsmi qurumların reaksiyasını 1xeber.media olaraq diqqətdə saxlayacağıq.
















