Görkəmli Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi
“Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan Milli Mətbuatı iyunun 22-də özünün 151 illiyini
qeyd edir. Bu illər ərzində mətbuatımız həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən
problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və
bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.
Mətbuatımızın qaranquşu olan “Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq
mətbuatının ilk təməl daşını qoydu, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu,
Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi. Qəzet xalqımızın milli oyanışında, milli
birliyinin möhkəmlənməsində böyük əhəmiyyət daşıyıb. Əsasən maarifçilik missiyasını üzərinə
götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox
məşhurlaşıb.
Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”,
“İrşad”, “Molla Nəsrəddin”, “Həyat”, “Açıq söz”, “Azərbaycan” kimi demokratik ruhlu, milli qayəli
qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirdi. Bu mətbuat orqanlarının əsas hədəfi
cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi.
Dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm
məqalələrlə çıxış ediblər. XX əsrin əvvəllərində isə Cəlil Məmmədquluzadə, Məhəmməd Ağa
Şahtaxtinski, Seyid Hüseyn, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli və başqaları yeni
demokratik mətbuatın yaranması uğrunda mübarizə aparıblar.
Sovetlər dönəmində çox böyük təzyiqlərə baxmayaraq Azərbaycan mətbuatı milli
varlığını qoruyub saxlaya bilib, respublikanın ictimai-siyasi həyatında fəal şəkildə təmsil
olunub. Bu dövrdə ölkədə qəzet və jurnalların şəbəkəsi genişlənib.
Azərbaycan Respublikası Prezidentinin 5 iyul 1991-ci il tarixli Fərmanı ilə Azərbaycanın
ilk milli qəzeti olan «Əkinçi» qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün – 22 iyul
Azərbaycan jurnalistikası günü elan edilib. Müstəqilliyin əldə edilməsindən sonra
Azərbaycanda KİV-lərin sayında önəmli ölçüdə irəliləyiş baş verib. Bu gün ölkədə 5 mindən
çox media subyekti var. Ölkədə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını
qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirilib. Artıq Azərbaycan mətbuatı həm
kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır. Bir çox demokratik
ölkələrdə olduğu kimi, Azərbaycanda da Mətbuat Şurası yaradılıb və “Mətbuat haqqında”
qanun qəbul edilib.
Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev bütün dövrlərdə mətbuatın
inkişafına prinsipial diqqət ayırmışlar. Mətbuat işçiləri ilə mütəmadi təşkil olunan görüşlər,
habelə institusional təşəbbüslər mətbuatın davamlı inkişafına səbəb olmuşdur. Milli Mətbuatın
inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham
Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi
tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşlər.
Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi
haqqında” Sərəncamı isə jurnalistlərə yeni əhval-ruhiyyə gətirib, böyük rəğbətlə qarşılanıb.
KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin
gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin
fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə qayğının
göstəricisidir. Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün
yaşayış evlərinin tikilməsi məqsədilə Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına
çoxmərtəbəli yaşayış binaları inşa edilərək jurnalistlərin istifadəsinə verilib. Eyni zamanda,
Mətbuat Şurası üçün yeni binanın ayrılması və onun müasir avadanlıqla təmin edilməsi
ölkəmizdə azad mətbuatın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri
olmasının sübutudur.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə Medianın
İnkişafı Agentliyi yaradılıb. Bu gün Agentlik tərəfindən ölkəmizdə çap və onlayn medianın
inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin
təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər
həyata keçirir. Əminik ki, yeni yaranmış bu Agentlik üzərinə düşən missiyanı layiqli şəkildə
yerinə yetirəcək, problemlərə konseptual yanaşma ortaya qoyacaq.
44 günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan
həqiqətlərinin dünyaya çatdırılmasında ölkə mətbuatının rolu və jurnalistlərin fəaliyyəti çox
mühüm əhəmiyyət kəsb etmişdir. Jurnalistlərimizin fədakarlıq və çeviklik sayəsində dünya
ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən rəsmi İrəvanın törədiyi hərbi cinayətlər
haqqında dolğun məlumatların çatdırılması təmin edilib. Eyni zamanda xeyli jurnalist Vətən
müharibəsinin iştirakçısı olmuş, müxtəlif dövlət mükafatları ilə təltif edilmişlər. Öz peşə
vəzifələrinin icrası zamanı Kəlbəcər rayonu ərazisində iki jurnalistin – Məhərrəm İbrahimov və
Sirac Abışovun minaya düşərək həlak olması faktı isə beynəlxalq jurnalistlər birliyinin sərt
reaksiyasına səbəb olmuşdur. Bu günə qədər fasiləsiz davam edən informasiya
müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqlənirlər.
Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması
ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Sözsüz
ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları
Azərbaycan jurnalistləridir. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir,
mətbuatın bütün sahələrdə funksionallığı sürətlə artır. Bu gün jurnalistlərin, milli mediamızın
qarşısında cəmiyyəti daha obyektiv, daha peşəkar şəkildə məlumatlandırmaq missiyası durur.
Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın qarşısıalınmaz tələbidir.
2022-ci il dekabrın 14-də söz və mətbuat azadlığı sahəsində dövlətin yeni hədəflərini
müəyyənləşdirməyə, onun iqtisadi bazasını, kadr potensialını və peşəkarlıq səviyyəsini
artırmağa, KİV sahəsində suverenliyimizi qorumağa xidmət edəcək “Media haqqında” Qanun
layihəsi dekabrın 30-da qəbul edilib. Ümid edrik ki, bu Qanun mətbuatımızın inkişafına öz
müsbət töhfələrini verəcəkdir.
Əlamətdar peşə bayramı ərəfəsində bütün ölkə mediasını, bütün jurnalistlərimizi 22 İyul
– Milli Mətbuat və Jurnalistika günü münasibəti ilə ürəkdən təbrik edir, onlara yeni-yeni
yaradıcılıq yğurları arzulayıram.
Elçin Nəsibov,
Sabirabad rayonu "Kür-Araz" qəzetinin baş redaktoru
















