Müasir beynəlxalq münasibətlər sistemində xarici siyasətin uğuru təkcə ənənəvi regionlarla deyil, həm də sürətlə yüksələn yeni iqtisadi güc mərkəzləri ilə qurulan çevik tərəfdaşlıqlarla ölçülür. Azərbaycanın son illərdə Cənub-Şərqi Asiya regionuna, xüsusilə də bu bölgənin ən dinamik inkişaf edən dövlətlərindən biri olan Vyetnama artan diqqəti məhz bu uzaqgörən strategiyanın tərkib hissəsidir. Prezident İlham Əliyevin Vyetnam Sosialist Respublikasına növbəti rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin tarixi təməllər üzərində yeni geosiyasi və iqtisadi məzmun qazandığını nümayiş etdirir.Bakı və Hanoy arasındakı münasibətlər sadəcə rəsmi diplomatik protokollarla məhdudlaşmır. Bu əlaqələrin kökündə yarım əsrdən çox yaşı olan qarşılıqlı etimad və həmrəylik dayanır. Hələ 1959-cu ildə Vyetnam lideri Ho Şi Minin Bakıya səfəri, 1983-cü ildə isə Ulu Öndər Heydər Əliyevin Vyetnama tarixi səfəri və azərbaycanlı neftçilərin bu ölkənin enerji sənayesinin qurulmasında oynadığı həlledici rol xalqlarımız arasında sarsılmaz körpü yaradıb. Bu gün isə həmin tarixi irs müstəqil dövlətlərin praqmatik maraqları müstəvisində Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Dövlət başçısının Hanoy səfəri əsasən üç mühüm strateji hədəfə xidmət edir. İlk növbədə, söhbət siyasi dialoqun dərinləşdirilməsindən və beynəlxalq həmrəylikdən gedir. Hər iki ölkə beynəlxalq hüququn aliliyi, suverenlik və ərazi bütövlüyü prinsiplərinə sadiqdir. Səfər çərçivəsində BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi kimi çoxtərəfli platformalarda qarşılıqlı dəstəyin daha da koordinasiya edilməsi əsas prioritetlərdəndir. İkinci mühüm istiqamət iqtisadi əlaqələrin şaxələndirilməsidir. İki ölkə arasında ticarət dövriyyəsi artan dinamika göstərsə də, mövcud rəqəmlər tərəflərin real potensialını tam əks etdirmir.
Səfərin başlıca məqsədi enerji sektoru ilə yanaşı, qeyri-neft sahələrində, sənayedə və kənd təsərrüfatında birgə investisiya layihələrini hərəkətə gətirməkdir. Üçüncü əsas məqsəd isə nəqliyyat-logistika xətlərinin birləşdirilməsidir. Qlobal təchizat zəncirlərinin dəyişdiyi bir dövrdə Cənub-Şərqi Asiyanın istehsal gücünü Avropa bazarlarına bağlayan ən təhlükəsiz marşrutların müəyyənləşdirilməsi gündəmin əsas mövzusudur.
Vyetnamla dərinləşən əməkdaşlıq ölkəmiz üçün bir neçə istiqamətdə real dividentlər vəd edir. Birincisi, bu tərəfdaşlıq Orta Dəhliz üçün yeni yük axını deməkdir. Vyetnam bu gün dünyanın ən iri ixracatçı və sənaye mərkəzlərindən birinə çevrilib, Azərbaycan isə Avrasiyanın əsas tranzit qovşağıdır. Son dövrlərdə Azərbaycan ərazisindən keçən Vyetnam mənşəli tranzit yüklərin həcmində müşahidə olunan artım Bakının beynəlxalq logistika mərkəzi kimi əhəmiyyətini daha da artırır. İkincisi, Azərbaycan 100 milyondan çox əhalisi və sürətlə böyüyən istehlak bazarı olan yeni iqtisadi məkana çıxış əldə edir.
Bu, ölkəmizin qeyri-neft məhsulları, kimya sənayesi və aqrar sektoru üçün böyük ixrac imkanları açır. Eyni zamanda, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası məkanına çıxış baxımından Hanoy Bakı üçün etibarlı qapı rolunu oynayır. Üçüncüsü, SOCAR və "PetroVietnam" arasındakı ənənəvi əməkdaşlıq indi bərpaolunan enerji, yaşıl keçid və müasir texnologiyalar sahəsində yeni müstəviyə keçir. Dördüncüsü isə turizm və humanitar dividendlərdir. Birbaşa hava əlaqələrinin genişləndirilməsi, viza prosedurlarının sadələşdirilməsi və təhsil mübadiləsi həm ölkəmizə gələn turist axınını artıracaq, həm də mədəni diplomatiyamızı Asiyada möhkəmləndirəcək.
Yekun olaraq demək olar ki, Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri və əldə olunan razılaşmalar Azərbaycanın xarici siyasətini çoxvektorlu və uzaqgörən prinsiplər üzərində qurduğunu göstərir. Bakı–Hanoy strateji tərəfdaşlığı ölkəmizə təkcə yeni iqtisadi və tranzit imkanları qazandırmır, həm də Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş və regional güc mərkəzi kimi mövqeyini bir daha təsdiqləyir.
Aidə Tofiqqızı
1xeber.media
















