-
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yeni hava zərbələrinin başladığını açıqlayıb.
1xeber.media xəbər verir ki, CENTCOM-un yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Trampın göstərişi ilə İran ərazisindəki hərbi hədəflərə növbəti zərbələr endirilir.
Bildirilir ki, ABŞ qüvvələri ardıcıl 12-ci gecədir İran ərazisində hərbi əməliyyatlar həyata keçirir.
Buna cavab olaraq İranın ABŞ-ın Küveytdəki obyektlərinə raket zərbələri endirdiyi bildirilib. Küveyt Müdafiə Nazirliyi ölkə ərazisinə yönəlmiş hava hücumunun dəf edildiyini açıqlayıb. İranın IRNA agentliyi isə Tehranın zərbələrinin qonşu ölkələrə deyil, ABŞ-ın hərbi bazalarına yönəldiyini qeyd edib.
Məlumata görə, İran–İraq sərhədində yerləşən Şalamçe şəhərinə endirilən raket zərbəsi nəticəsində iki nəfər həlak olub, daha 11 nəfər yaralanıb.
Həmçinin İranın cənubundakı Buşehr əyalətində hərbi obyektin vurulduğu, bölgənin iki dəfə raket hücumuna məruz qaldığı bildirilib. İran KİV-i Endimeşk şəhərində, eləcə də Sirik, Əhvaz və Ramşir şəhərlərində partlayışların baş verdiyini yazıb.
Qeyd edək ki, tərəflərin yaydığı məlumatlar müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.
















